Nikolov qalmaqallı yazısından danışdı
03.04.2013 - 16:43
Nikolov qalmaqallı yazısından danışdı
Bakının “İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının ötən turunda “Şəfa” stadionunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduğunuz oyundan sonra klubunuzun saytında yer alan yazınız hələ də müzakirə olunur...
- Fikrimcə, mən haqlı idim. Rəqiblərimiz də özlərinin haqlı sayırlar. Biz öz mövqeyimizdə qalırıq və bununla hər şey deyilib. Kimin düz olduğunu gələcək göstərəcək.

- Yəni, “Neftçi” və azarkeşləri haqda yazdıqlarınıza görə peşman deyilsiniz...
- Xeyr, heç bir peşmançılığım yoxdur. Mənim məqsədim yalnız insanların diqqətini baş verən futbol xuliqanlığına yönəltmək idi. Sabah həmin hərəkəti “İnter” azarkeşləri də edə bilərlər. Mən onlara qarşı da eyni cür münasibət göstərəcəyəm.

- Fikirlərinizin mətbuatda belə rezonans doğuracağını gözləyirdiniz?
- Bəli. Hətta mən “Neftçi” klubundakı hörmətli həmkarlarımın belə reaksiyasını gözləyirdim. Bir daha təkrarlayıram ki, bu məsələ unudulmalıdır. Təəssüf ki, oyunda baş verən olayların izləri bizim həyətdə qaldı.

- Yazınızda əsas narazılıq doğuran “Neftçi”nin şərəfindəki ləkə böyükdür” cümləsi idi. Bununla konkret nə demək istədiyinizi tam aydınlaşdıra bilərsiniz?
- İzah edim və bunu qeyd edin. Deməli, orda bir neçə söz dırnaqda yazılmışdı.

- Yəni, siz məcazi mənada nəzərdə tutmusunuz...
- Onu nəzərdə tuturdum ki, belə hərəkəti edənlər “Neftçi” kimi komandanın azarkeşləri olmağa layiq deyillər. Məhz bu insanlar klubun nüfuzuna ləkə vurdular. Mən bunu nəzərdə tuturdum və burda inciməli nəsə yoxdur. Əgər azarkeşlər haqlı idisə, niyə İntizam Komitəsi onları 2000 manat cərimələdi? Sizcə, bu, ədalətli cəza deyil?

- Bəs AFFA-nın həmin qərarı sizi qane etdimi?
- Məni niyə qane etməlidir? “İnter” üçün bu cəzanın nə mənası var? Bilirsiniz, mənə pul, yaxud hansısa cərimə lazım deyil. Qazonu özümüz təmir etdirəcəyik.

- “Neftçi” isə azarkeşlərinin hərəkətinə görə ziyana düşdü...
- Bəli və mən buna görə üzülürəm. Bu, ilk belə hal deyil ki, Azərbaycan stadionlarında vandalizm baş verir. Ya oturacaqlar sındırılır, ya da biabırçı vəziyyət yaranır. Bunlara nə qədər dözmək olar? Üzr istəyirəm, mən futbola baxmağa gəlmişəm, tribunalarda baş verənlər xoşagəlməz olaya yox. Mən azarkeşlərin hərəkətini nəzərdə tuturam. Normal insanlar stadiona öz sevimlilərinə baxmağa gəlir. Azarkeşlərin belə hərəkəti kütləvi müşahidə edilmir, bu, tək-tək fanat qruplarının işidir. Onlar hər bir klubun nüfuzuna mənəvi zərbə vururlar. Sizə açıq deyim ki, öz azarkeşlərimizi də cəzalandıracağam.

- Onları niyə?
- Çünki onlar da meydançaya bir fişəng atdılar. Bu da yolverilməzdir. Elə olmaz ki, digərlərinə narazılığını bildirəsən, sənin arxanda isə özününkülər də biabırçılıq etsinlər.

- “Neftçi” haqda fikirləriniz aprelin 1-ə təsadüf etdi. Təsadüfən azarkeşlərlə zarafat etmək fikriniz olmayıb?
- Mən də istərdim ki, bu, zarafat olsun. Ancaq təəssüf ki, bu, zarafat yox, problemdir. Saytınız vasitəsilə deyirəm: əgər klub prezidentləri, AFFA, PFL tribunalardakı qarışıqlıqlara qarşı sərt tədbirlər görməzsə, yaxın gələcəkdə buna görə çox təəssüflənəcəyik.

- Qazona dəyən zərəri aradan qaldırdınızmı?
- Bu, problem olaraq qalır və kosmosdan da görünür. Biz qarşıdakı 2 həftədə təmir işləri nəzərdə tutmuşuq. Nə isə, gəlin, mövzunu bağlayıb futbol haqda da danışaq.

- “Neftçi”yə məğlubiyyətdən sonra “İnter” rəqibindən artıq 4 xal geri qalıb. Çempionluqdan əlinizi üzməmisiniz ki?
- Yox. Biz çempionluq mübarizəsində qalırıq. Sona 8 oyun qalıb. Hər bir komanda səhv edə, büdrəyə bilər. Yəni hər şey mümkündür.