“Qəbələ”nin futbolçuları cərimələnəcək!
03.04.2013 - 17:10
“Qəbələ”nin futbolçuları cərimələnəcək!
“Hər oyundan qabaq futbolçuları bir araya toplayıb kapitan kimi onlarla söhbət edirəm. Rəhbərlik də bizi bir yerə yığanda dedi ki, bundan sonra ancaq qələbə qazanmalıyıq. Çünki artıq itiriləsi heç nəyimiz qalmayıb”. Bunu apasport.az saytına müsahibəsində “Qəbələ”nin kapitanı Rəşad Abdullayev deyib.

Təcrübəli yarımmüdafiəçi bundan sonra qalan 8 oyunda xal itirəcəkləri halda, cərimələrlə üzləşəcəklərini də etiraf edib: “Artıq cərimə məsələsi də gündəmə gəlib. Bu, planda var. Futbolçular cərimələnəcək. Bu ona görədir ki, hamı öz məsuliyyətini dərk edə bilsin və oyununu göstərsin. Düzdür, son 3 məğlubiyyətə görə cərimələnməmişik. Çünki bu, psixoloji cəhətdən komandanı daha da pis vəziyyətdə qoya bilərdi. Ancaq bundan sonrakı oyunlarda zəif çıxış etdiyimiz halda, futbolçular cərimələnəcək”.

Qeyd edək ki, “Qəbələ” artıq cümə günü evdə “Simurq”u qəbul edəcək.

Səbuhi TOFİQOĞLU