Mikayıl Nərimanoğlu: Ölkə futbolunda bəzi problemlər var
04.04.2013 - 10:58
Mikayıl Nərimanoğlu: Ölkə futbolunda bəzi problemlər var
2006-cı ildən fəaliyyətə başlayan “Futbol dünyası” qəzetinin bu gün 1000-ci sayı işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, qəzetin baş redaktoru Mikayıl Nərimanoğlu müsahibəsində ilk öncə bu mətbu orqanının yaradılması ideyasının necə formalaşmasından danışıb.

- “Futbol dünyası” qəzeti “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Əvvəlcə, internet sayt vasitəsilə ölkə futbolunda baş verən proseslərin ictimaiyyətə çatdırılması zəruriyyəti yarandı. Daha sonra futbolun geniş şəkildə təbliğ olunması üçün qəzet variantı ortaya çıxdı. 1000-ci sayı işıq üzü görən “Futbol dünyası” qəzeti bu gün də uşaq futbolunun inkişafı istiqamətində görülən işləri geniş şəkildə ictimaiyyətə çatdırır, futbolun təbliği istiqamətində mühüm işlər görür.

- “Futbol dünyası” qəzeti Azərbaycanın idman mediasına nə yenilik gətirdi?
- Dediyim kimi, aşağı liqalardan geniş məlumatlar çatdırmaqla yanaşı, idman mediasına fotoreportaj janrını gətirdi. İlk gündən indiyədək qəzetin son səhifəsində fotoreportaj gedir. Və bu seçim futbol ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Bildiyiniz kimi, qəzet işıq üzü görənədək ölkə mətbuatında foto sahəsində ciddi problemlər vardı. Biz qəzetlə yanaşı, AFFA-nın nəzdində Azərbaycan futbolunun foto arxivini qurduq. Qəzetdə istifadə olunan fotolar arxivdə saxlanılır. Artıq istənilən futbol funksionerinin, futbolçuların fotolarını əldə etmək asandır. Bundan əlavə, Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tarixi fotolar tapıldı. Şəxsən mənim tərəfimdən dövlət arxivlərindən Azərbaycan futbolu ilə bağlı tarixi məlumatlar, fotolar toplanıb.
Qəzetimizin əməkdaşı Rasim Mövsümov 2000-ci ildən dünyanın ən yaxşı futbolçusuna verilən “FİFA Ballon d-Or” (“Qızıl top”) mükafatının jüri üzvüdür. O, qəzetimizin adından ölkəmizi təmsil edir və tədbirlərdə iştirak edir. Qəzetimiz bir növ məktəb rolunu oynayıb. Bu müddət ərzində qəzetimizdə çalışan onlarla əməkdaşımız əsasən futbol sahəsində fəaliyyətlərini davam etdirir. Qeyd edim ki, Respublika prezidenti İlham Əliyev tərəfindən Əməkdar jurnalist fəxri adına layiq görülməyim tək mənim yox, bütün qəzet əməkdaşlarının əməyinə verilən qiymətdir.

- Qəzetdə sizi razı salan məqamlar hansılardır?
- Qəzetimizdə müsahibə janrı xüsusi dəst-xətti ilə seçilir. Bir çox yeniliklərə, eksklüziv müsahibələrə məhz bizim qəzetin əməkdaşları imza atıb. Xarici klubların prezidentlərindən, digər ölkələrin federasiyalarının prezidentlərindən eksklüziv müsahibələr bu qəzetdə dərc olunub. Təkcə, “Barselona”nın sabiq prezidenti Xuan Laportadan alınmış eksklüziv müsahibəni xatırlatmaq kifayətdir. Həmçinin bu gündə milli komandamızla eyni qrupda mübarizə aparan komandaların baş məşqçilərindən, federasiya prezidentlərindən də müsahibələr dərc olunub və olunmaqdadır.
AFFA rəhbərliyinin dəstəyi ilə qəzetimizin əməkdaşları ölkə xaricindən - milli komandalarımızın və klublarımızın oyunlarından reportajlar hazırlayır. “Futbol dünyası” qəzeti olaraq bir çox təşkilati məsələlərdə, sosial layihələrdə iştirak edirik. Misal üçün, AFFA tərəfindən keçirilən aşağı yaş qrupu üzrə liqaların ən məhsuldar oyunçularının təhsil aldıqları məktəblərdə mükafatlandırılması ideyası “Futbol dünyası” qəzetinin təklifi ilə həyata keçirilib. Həmçinin milli komandamızın ölkə xaricindəki toplanışları zamanı hazırlanan filmdə qəzetimizin əməkdaşlarının rolu olub. Bir sözlə, qəzetin əməkdaşları tək qəzetdə deyil, eyni zamanda təşkilati məsələlərdə də öz köməkliklərini əsirgəmir.

- “Futbol dünyası” qəzetinin digər mətbu orqanlarla bazar rəqabətinə girişməməyinin səbəbi nədir?
- İlk gündən qəzetin tirajını fikirləşsəydik, indi ölkənin ən tirajlı qəzeti olardıq. Çünki ölkə xaricindən federasiyaya gələn xəbərləri öncə bizim yaymaq imkanımız var. Ancaq qəzetin əsas məqsədi informasiyanı daha geniş şəkildə çatdırmaq, ölkə futbolunu təbliğ etmək, bu idman növünü ictimaiyyətə sevdirməkdir. Bizim məqsədimiz təkcə operativ olmaq deyil, hadisələri daha dolğun şəkildə ictimaiyyətə çatdırmaqdır. Az öncə dediyim kimi, ölkə xaricindən ilk xəbərlər məhz AFFA-ya gəlir. Biz istəsək, bu xəbərləri öncə assosiasiyanın orqanında ictimaiyyətə çatdırarıq. Bununla da daha çox satılan və tələb olunan qəzet olarıq. Ancaq digər mətbu orqanlarını, agentlikləri informasiya blokadasında saxlamamaq üçün ilk əvvəl xəbərləri AFFA-nın saytında yerləşdiririk. Bunu isə digər mətbu orqanların informasiya baxımından qıtlıq çəkməmələri üçün edirik. Bir çox məlumatlar var ki, onları ictimaiyyətə çatdırmaq, saytda yerləşdirmək baxımından xüsusi həssaslıqla yanaşırıq. UEFA və FİFA qərarların çoxunu yerli vaxtla saat 5-də açıqladığından ölkəmizlə saat fərqi zamanı həmin qərarlar 8-dən tez bizə göndərilmir. Biz də iş gününün bitməsinə və ya bayram günlərinə təsadüf etməsinə baxmayaraq, xəbərləri əvvəlcə saytda yerləşdiririk.

- Qəzetin yayım məsələsi necə tənzimlənir?
- Bizim qəzetin yayım mexanizmi fərqlidir. Qəzetin ilk sayından bugünədək AZAL-la əməkdaşlıq edirik. “Futbol dünyası” qəzeti AZAL-ın istər daxili, istərsə də xarici ucuşları zamanı sərnişinlərə paylanır. Bundan əlavə, dövlət proqramına uyğun olaraq bütün nazirliklərə və digər dövlət strukturlarına göndərilir. Həmçinin AFFA tərəfindən keçirilən “Məktəbli kuboku”, U-11, “Coca Cola U-13”, U-14, “Kapital Bank U-15”, U-16, “Azercell U-17” turnirləri və yarışların fotoreportajları, təqvimləri və cədvəlləri mütəmadi olaraq qəzetdə dərc olunur. Fotoreportajları olan bölgələrdə uşaqlar arasında qəzetlər paylanılır. Aşağı yaş qrupu üzrə təşkil olunan bütün yarışların yeganə informasiya mənbəyi məhz “Futbol dünyası” qəzetidir.

- 1000-ci say ərəfəsində son olaraq nə demək istəyərdiniz?
- Bütün kollektivə dərin minnətdarlığımı bildirirəm. Qəzet ilk gündən müəyyənləşdirdiyi devizini davam etdirir. Jurnalistika özünün spesifik ağırlığı olan sahədir. Hava şəraitindən, saatdan, bayram günlərindən asılı olmayaraq, əməkdaşlarımız stadionlarda olurlar. Komanda uduzanda belə, futbolu sevdirmək üçün çıxış yolları axtarırlar. Düzdür, bu gün futbol sahəsində bir sıra problemlər var. AFFA rəhbərliyi bu problemləri aradan qaldırmaq üçün mütəmadi işlər görür. Bizim qəzet isə nöqsanları mətbuat vasitəsilə deyil, daxili görüşlər zamanı bildirir və əsasən də həllinə nail olur. Bizi digər mətbu orqanlardan fərqləndirən əsas cəhətlərimizdən biri də məhz budur. Biz həmişə “Futbol dünyası” olaraq futbolun təbliği və sevdirilməsi istiqamətində çalışmışıq və bundan sonra da bu yöndə çalışacağıq. Bu yolda kollektivin hər bir üzvünə uğurlar arzulayıram.