Şimal derbisində 21-ci duel
04.04.2013 - 11:31
Şimal derbisində 21-ci duel
Bu həftə Topaz Premyer Liqasında XXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, tura Qəbələdə start veriləcək. Aprelin 5-də baş tutacaq qarşılaşmada “Qəbələ” “Simurq”u qəbul edəcək.

2006/07 mövsümündən Premyer Liqada çıxış edən meydan sahibləri güclülər dəstəsində yubiley – 75-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. İndiyədək ölkə çempionatının yüksək liqasında 74 qələbəsi olan “Qəbələ” son 3 turda bu yubileyi təxirə salıb. AZAL, “İnter” və “Qarabağ”la görüşlərdə 75-i fəth edə bilməyən “qırmızı-qaralar” bunu “Simurq”la matçda gerçəkləşdirməyə çalışacaq.

Zaqatala təmsilçisi “Qəbələ”nin tarixində xüsusi yerə malikdir. Belə ki, komanda çıxış etdiyi bütün yarışlarda bu rəqiblə qarşılaşıb. Həm I divizion, həm Premyer Liqa, həm də kubokda 2 komanda üz-üzə gəlib. Ümumilikdə bu görüşlərin tarixi 2005-ci ildən başlayır. 8 ilə yaxın müddətdə 20 dəfə üz-üzə gələn komandalar eyni vaxtda – 2006-cı ildə elitaya yüksəlib.

21-ci duel ərəfəsində “Qəbələ”nin 9, rəqibinin 7 qələbəsi var. Daha 4 oyun heç-heçə başa çatıb. “Qırmızı-qaralar” indiyədək rəqib qapısına 24 top vurub və 17-ni buraxıb.

Premyer Liqadakı oyunlarda da “Qəbələ” top fərqində öndədir – 17:14. Lakin qələbə sayında tarazlıq hökm sürür – hərəyə 6 dəfə. 4 matçda isə qalib müəyyənləşməyib.

“Qəbələ” 11-ci dəfə ev sahibi kimi zaqatalalıları qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə uduzub. Bu görüşlərdə top fərqi 14:6-dır.