“Flavinyo, Vobay, Kanales istənilən komanda üçün başağrısıdır”
04.04.2013 - 15:35
“Flavinyo, Vobay, Kanales istənilən komanda üçün başağrısıdır”
“Təbii ki, ilk qolumu “Neftçi”yə vurmağım çox xoş bir duyğudur. Bu hər zaman xatirimdə qalacaq. Artıq demək olar ki, bu məsələni unutmuşam. Bu artlq keçmişdə qalıb”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

“Qarabağ” Premyer Liqanın XXV turunda “Neftçi”nin qonağı olacaq. Hazırlıqlarını davam etdirən komanda günü tək məşqlə keçirib. Cari birincilikdə baş tutan ilk derbidəki yeganə qolu vuran 20 yaşlı yarımmüdafiəçi bunula da “Qarabağ”dakı karyerasında ilk qoluna imza atmışdı.

U-21 millimizə də çağrılan futbolçu oyun haqqında belə danışıb: “Neftçi”yə qarşı ciddi hazırlaşırıq. Amma bu digər oyun hazırlıqlarından elə də fərqlənmir. “Ağ-qaralar” uzun müddətdir məğlub olmur. Hazırda çox yaxşı formadadırlar. Bizə hər 2 oyunda məğlub olduqlarına görə meydana qisas hissiylə çıxacaqlar. Bunun üçün çox çalışacaqları bəllidir. Rəqibin heyətində kimisə fərqləndirmək çətindir. Çünki, “Neftçi” fərdi ustalığı yüksək olan oyunçulardan qurulub. Flavinyo, Vobay, Kanales istənilən komanda üçün başağrısıdır. Onları saxlamaq bizim üçün çətin olacaq. Hazırda “Neftçi”ni saxlamaq çox çətindir. Amma bu o demək deyil ki, biz meydana məğlub kimi çıxırıq. Təbii ki, 3 xal qazanmaq istəyirik. Bunun üçün də vuruşacağıq. “Qarabağ”da əla kollektiv var. Bir-birimizə daim dəstək oluruq. Aprelın 6-da da sona qədər uğurlu nəticə üçün döyüşəcəyik”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 6-da keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.