“Simurq” “Qəbələ” qarşısına ciddi itkilərlə çıxacaq
04.04.2013 - 19:34
“Simurq” “Qəbələ” qarşısına ciddi itkilərlə çıxacaq
Topaz Premyer Liqasının XXV turunda “Qəbələ”nin qonağı olacaq “Simurq” qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bir saata yaxın davam edən hazırlıq prosesində qısa məsafəli qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib.

Taktiki çalışmalardan sonra qısa ötürmələrdən ibarət tapşırıqlarla məşq davam edib. Georgi Çixradzenin yetirmələri ikitərəfli oyun və qapıya zərbələrlə hazırlıqları tamamlayaraq istirahətə çəkilib.

Rəqiblərin 17-ci dueli öncəsi “Simurq”un heyətində ciddi itkilər var. Sabahkı qarşılaşmada komandanın heyətində Mario Bojiç və Qərib İbrahimov sarı vərəqə cəzalısı olduqlarından bu görüşdə forma geyinə bilməyəcəklər.

Qeyd edək ki, “Qəbələ” – “Simurq” qarşılaşması sabah saat 16:00-da start götürəcək.