Aykut Kocaman uğursuzluğa son qoydu
05.04.2013 - 04:15
Aykut Kocaman uğursuzluğa son qoydu
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə doğma azarkeşləri önündə “Latsio”nu (2:0) üstələyən “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman İtaliya klubunun çalışdırıcısı Vladimir Petkoviç önündə bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis birinci dəfə Petkoviçin rəhbərliyi altında olan komanda üzərində qələbəyə sevinib.

Belə ki, “Fənərbaxça” 2010-2011 mövsümündə Çempionlar Liqasının seçmə mərhələsində İsveçrənin “Yanq Boys” klubu ilə üz-üzə gəlib. Həmin vaxt “Yanq Boys”u Vladimir çalışdırırdı. Kocamanın komandası səfərdə 2:2, öz meydanında isə 0:1 hesabı ilə məğlub olub.

2011-2012 mövsümündə “Samsunspor”a rəhbərliyik edən Petkoviçin kollektivi Türkiyə Superliqasında “sarı bülbüllər”lə yenidən qarşılaşıb. Bu görüşdə isə qalib müəyyənləşməyib - 0:0.

Beləliklə, 47 yaşlı mütəxəssis bu dəfə uğursuzluğa son qoyub.

Qeyd edək ki, Aykut Kocaman bu mövsüm evində “Fənərbaxça”nı meydana 10 dəfə çıxarıb. Bunlardan isə yalnız 3-də qələbəyə sevinib. Digər 7 oyunda 5 bərabərlik və 2 məğlubiyyət acısı yaşayıb.