6:6
05.04.2013 - 09:38
6:6
Topaz Premyer Liqasının bu gün start götürəcək XXV turu yerli və legioner baş məşqçilərin sayındakı tarazlıqla diqqət çəkir. Apasport.az saytının məlumatına görə, bu dəfə 3 gün davam edəcək turda 6 klub azərbaycanlı, 6-sı isə əcnəbi mütəxəssisin rəhbərliyi altında meydana çıxacaq.

Bu tarazlığın səbəbi “Qəbələ”də istefaya göndərilən Ramiz Məmmədovu ispaniyalı Luis Araqonun əvəzləməsidir. Pireneyli çalışdırıcı Kaxaber Sxadadze (“İnter”), Georgi Çixradze (“Simurq”), Bojidar Bandoviç (“Bakı”), Con Toşak (“Xəzər Lənkəran”) və Bernhard Raaba (“Sumqayıt”) qoşularaq 6-cı legioner olub. Məmmədovun istefası ilə yerlilərin sayı 7-dən 6-ya enib. Bunlar Böyükağa Hacıyev (“Neftçi”), Qurban Qurbanov (“Qarabağ”), Vaqif Sadıqov (AZAL), Ramil Əliyev (“Rəvan”), Əfqan Talıbov (“Turan”) və Mahmud Qurbanovdur (“Kəpəz”).

İlk “altılıq”da əcnəbilər çoxluq təşkil edir – 4 baş məşqçi. Premyer Liqada qalmaq uğrunda mübarizə aparanların yarışında isə yerlilər daha çoxdur – 4 çalışdırıcı. Onlardan ikisi son 2 pillədə möhkəmlənən “Turan”la “Kəpəz”ə rəhbərlik edir.

Qeyd edək ki, 2013-cü ildə ilk dəfə Topaz Premyer Liqasında əcnəbilərlə yerlilərin sayında tarazlıq yaranıb. Lakin mövsüm ərzində 2 dəfə belə bərabərlik yaranmışdı. İlk 4 tur ərzində legionerlərin sayı 6-ya bərabər idi. Lakin sonradan Cevat Gülərin “Rəvan”dan istefası ilə bu tarazlıq pozulmuşdu.

Bir də XII turda tarazlıq var idi. Karles Martorellin “Xəzər Lənkəran”a gəlişi zamanı yerli və əcnəbiləri sayında 6:6-lıq bərabərlik bərpa olundu. Bu bərabərlik XVIII turadək – Kemal Alispahiçin “Rəvan”dan qovulmasına kimi davam etmişdi. Hər iki halda tarazlıq “Rəvan”da pozulmuşdu. 3-cü dəfə yaranana tarazlıqda isə bu klubun payı yoxdur.