“Bakıya elə simalar gələcək ki, görəndə təəccüblənəcəksiniz” - MÜSAHİBƏ
05.04.2013 - 14:55
“Bakıya elə simalar gələcək ki, görəndə təəccüblənəcəksiniz” - MÜSAHİBƏ
“Neftçi” Veteranlar Klubunun rəhbəri Oqtay Abdullayevin apasport.az saytına müsahibəsi

- Əcnəbi veteranlarla mayın 1-də yoldaşlıq oyunu keçirəcəksiniz. Həmin görüşün başlanma vaxtı müəyyənləşdimi?
- Bəli, oyun Bayıldakı stadionda, saat 20:00-da başlayacaq.

- Məşqlərə başlamısız?
- Çoxdan başlamışıq. Həftədə 3 dəfə olmaqla, “Neftçi”nin köhnə bazasında məşq edirik.

- Həmin qarşılaşmada veteranlarımızdan kimlərin iştirakı dəqiqləşib?
- Maşallah Əhmədov, Elxan Abdullayev, Vəli Qasımov, Musa Qurbanov, Asif Əliyev, Asim Xudiyev və mən. Bəlkə İsgəndər Cavadov da oynadı. Biz dəvət edirik, kim gələcəksə, meydanda olacaq.

- Amma bizim veteranların hamısının qarını, artıq çəkisi var…
- Xaricdən gələnlər də onsuz da qocalardır. Əgər bura gənc heyətlə gəlsələr, biz heyəti dəyişəcəyik, onlara uyğun heyəti meydana buraxacağıq.

- Ehtiyat variantınız var?
- Əlbəttə var! Hardasa 30-40 nəfərə yaxın gənc heyətimiz var. Əsgər Abdullayevi, Gəncədən Mehman Allahverdiyevi, Vidadi Rzayevi dəvət edəcəyik. Səttar Əliyev, Elşad Əhmədov, Müşviq Qəmbərov, Nazim Əliyev kimi gənclərimiz də var. Buna sonra qərar verəcəyik. Onlar neçə yaşında olacaqsa, ona uyğun da heyəti meydana buraxacağıq.

- Komandamızın baş məşqçisi kim olacaq?
- Səməd Qurbanov. Mən isə həm oynayacam, həm də məşqçi olacam. Səməd bəlkə oynamadı, ayağı ağrayır.

- Rəqib veteranlardan kimlər gələcək?
- Hələ danışıqlar gedir. Bunu dəqiqləşdirməliyik. Ondan sonra açıqlaya bilərik. Ancaq Gürcüstandan 3 veteranın gələcəyi dəqiqləşib. Onlardan ikisi Murtaz Xurtsilava və Aleksandr Çivadzedir. Bizə bu məsələlərdə yaxından kömək edən AFFA-dır. Baş katib Elxan Məmmədov doğrudan da bizə çox köməklik edir.

- Hakan Şükür, Bülənt Korkmazın bu oyunda iştirak edəcəyi deyilirdi. Onların da gələcəyi dəqiqləşməyib?
- Danışıqlar gedir. Ehtimalla danışmaq istəmirəm. Ancaq Bakıya elə simalar gələcək ki, görəndə təəccüblənəcəksiniz.

- Berti Foqts Bakıya rəqib komandanın baş məşqçisi qismində gələcək?
- Foqts həm baş məşqçi olacaq, həm də oynayacaq.

Səbuhi TOFİQOĞLU