“Qızıl haqda düşünmək bizə maneçilik törədər” – MÜSAHİBƏ
05.04.2013 - 17:16
“Qızıl haqda düşünmək bizə maneçilik törədər” – MÜSAHİBƏ
“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Çempionatın XXV turunun mərkəzi qarşılaşması olan “Neftçi” – “Qarabağ” matçı həmişəki kimi böyük maraq doğurur. Sabahkı oyun çempionluq intriqası baxımından böyük əhəmiyyət daşıyır...
- Bunu başa düşdüyümüzdən, ciddi hazırlaşırıq. Bilirik, bizi çətin sınaq gözləyir. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq.

- “Qarabağ” turnir cədvəlində lider “Neftçi”dən 6 xal geri qaldığından mütləq qələbə qazanmalıdır. Hesab etmirsiniz ki, rəqib qalib gəlib xal fərqini 9-a çatdırsa, çempionluqdan artıq əlinizi üzəcəksiniz?
- Təbii, biz qələbə istəyirik. Ancaq qızıl medal haqda düşünmək bizə maneçilik törədər. Hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşmışıq və sona kimi mükafatçılar sırasında olmağa çalışacağıq. Sözsüz, çempionluq istəyirik və imkan olarsa, bunu qazanmağa çalışacağıq.

- Belə demək olar ki, “Neftçi” ilə matçda daha çox müdafiəyə diqqət yetirib, əsasən əks-hücumlara bağlayacaqsınız?
- Çalışacağıq ki, əlimizə düşən şanslardan istifadə edək. “Neftçi” güclü rəqib olduğundan, ehtiyatlı olmalıyıq. Əks halda, bizi cəzalandıracaq. Hazırda “Neftçi” çox güclüdür.

- Son mövsümdə çempion olduğu komandadan da?
- Ötən mövsümlə müqayisədə deyə bilərəm ki, “Neftçi” hazırda daha güclüdür.

- Bu güc əsasən nədədir? Hücum xəttində, futbolçuların fərdi ustalıq səviyyəsinin yüksək olmağında, yoxsa?
- Hesab edirəm ki, Böyükağa Hacıyevin gəlişindən sonra “Neftçi” fərqli oyun göstərərək, hücum futboluna üstünlük verir. Komanda Avroliqanın qrup mərhələsində çıxışı ilə böyük təcrübə qazandı. Rəqibin heyəti güclüdür. Xüsusilə, bu il daha yaxşı təsir bağışlayırlar. Təsadüfi deyil ki, keçirdiyi oyunların çoxunda qalib gələrək, yalnız 1 dəfə heç-heçə edib. Evdə azarkeşləri qarşısında daha güclü təsir bağışlayırlar. Biz də bunları bilirik.

- Onu da nəzərə alaq ki, “Neftçi”ni cari mövsümdə yalnız “Qarabağ” məğlub edib. Üstəlik, 0:1 hesabı ilə uduzduğu oyunlarda komandanıza qol da vura bilməyib. Necə düşünürsünüz, bu, sizə psixoloji üstünlük verir?
- Deməzdim ki, bu, bizə üstünlük verir. Bu oyunlar artıq keçmişdə qalıb.

- Hər dəfə “Neftçi” ilə oyun gələndə hansı hissləri keçirirsiniz? Hər halda, bu klubda tanınmısınız...
- “Neftçi” ilə oyunlar zamanı məndə xüsusi motivasiya yox, həyəcan çox olur. Bu komandanın heyətində uzun illər oynadığımdan, mənə doğma sayılır.

- “Neftçi”dən gedişinizdən artıq 5 il keçir və həmin vaxt birgə oynadığınız futbolçulardan demək olar heç kim qalmayıb. Yalnız Rəşad Sadiqovdur ki, o da cəza üzündən meydana çıxa bilməyəcək...
- “Neftçi”dən çoxları gedə bilər. Ancaq bu klubun adı, azarkeşləri qalır. Onlar qarşısında oynayanda xüsusi hisslər keçirirsən.

Mehman SÜLEYMANOV