“Rəvan” ikitərəfli oyun keçirdi - FOTOSESSİYA
05.04.2013 - 20:14
“Rəvan” ikitərəfli oyun keçirdi - FOTOSESSİYA
“Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la matçın hazırlıqlarını davam etdirir. Gündə 1 dəfə məşq edən komandamız ənənəvi olaraq hazırlığı "Bayıl Arena”da keçir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün saat 16:00-da başlayan növbəti məşq müəyyən mənada o birilərindən seçilib.

Çünki isinmə hərəkətlərindən sonra baş məşqçi Ramil Əliyev yetirmələrini ikitərəfli oyunda sınayıb. Şərti olaraq “yaşıllar” və “qırmızılar”a bölünən futbolçuların yaratdığı komandaların balanslı olması üçün əsas heyət futbolçuları demək olar, yarıya bölünüb. Başqa sözlə, hər iki komandada əsas futbolçularla yanaşı, daha az oynamaq şansı qazananlar da yer alıb. Maraqlı və şən ab-havada keçən oyunda “yaşıllar” 4:3 hesabı ilə qələbə qazanıb. Qalib tərəfdə Xuan Manuel Varea dubl edibsə, Miloş Adamoviçlə Ramazan Abbasov hərəyə 1 qol vurub. “Qırmızılar”da isə Mindauqas Kalonas, Tofiq Mikayılov və Vüsal Qarayev fərqlənib.

Məşqdə və ikitərəfli oyunda əlindən zədəli olan Murad Qənbərov istisna olmaqla, bütün futbolçular iştirak edib. Həftənin əvvəlində ayağından zədə alan Orxan Lalayev də fərdi məşqlərdən sonra komandaya qoşulub. O hətta ikitərəfli oyunun ən fəallarından biri olub.