“İnter” oyunu onun üzərində qurur” - MÜSAHİBƏ
05.04.2013 - 23:01
“İnter” oyunu onun üzərində qurur” -  MÜSAHİBƏ
“Bakı” klubunun braziliyalı yarımmüdafiəçisi Junior Vilsonun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXV turunda bu gün "İnter"lə qarşılaşacaqsınız. Bu matçın hazırlığı necə keçdi?
- Hər şey qaydasındadır. Oyunlarını təhlil etmişik. Baş məşqçi lazımi tapşırıqlarını verib.

- Rəqibin güclü tərəfləri hansılardır?
- Əsas gücü kollektiv oyuna üstünlük vermələridir. Həm də heyətlərində yer alan futbolçulardan Slavço Georgiyevskini fərqləndirmək istərdim. Oyunu onun üzərində qururlar.

- Cari mövsümdə 4 dəfə üz-üzə gəlsəniz də, “İnter”i məğlub edə bilməmisiniz. Düzdür, 2 oyunun nəticəsinə görə kubokda mərhələ adlayan tərəf siz olmusunuz. Lakin çempionatda uduzmusuz. Onları uda bilməməyinizin səbəbini nə ilə izah edə bilərsiniz?
- “İnter”in bizdən güclü olduğunu demək olmaz. Hər matça qələbə qazanmaq üçün çıxırıq, əlimizdən gələni edirik. Bəzən oyunumuz alınmır, qələbə qazana bilmirik.

- Bəs “Bakı”nın üstünlüyü nə olacaq?
- Hansısa aşkar üstünlüyümüzün olduğunu deyə bilmərəm. Derbi matçıdır. Hansı komanda daha yaxşı vəziyyətdə olsa, o da qələbə qazanacaq.

- “İnter”in meydana kubokdakı məğlubiyyətin əvəzini almaq üçün çıxacağı istisna deyil. Buna hazırsınızmı?
- Onların qələbə qazanmaq üçün mübarizə aparacaqlarını bilirik. Çünki “İnter” çempionluq uğrunda mübarizə aparır. Turnir cədvəlindəki vəziyyət qələbəyə oynamağa vadar edir. Biz də sakit dayanmayacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki komandamız hazırda yüksəlişdədir. Son 9 oyunun heç birində məğlub olmamışıq.

- Bəs qış fasiləsindən sonra uğurlu seriyanın səbəbi nədir? Niyə mövsümün əvvəlindən bu cür nəticələr qazana bilmirdiniz?
- Başlanğıcda gözlənilməz xallar itirdik. Sonra komanda toparlandı. İlk “altılığ”a vəsiqə qazandıqdan sonra əhval-ruhiyyəmiz yüksəldi. Uşaqlar bir-birinə uyğunlaşıb, meydanda əla anlaşırıq.

- Amma oyun planında axsamalar da var…
- Razılaşıram. Ancaq elə komanda yoxdur ki, orada axsamalar olmasın. Bu halla bütün komandalarda qarşılaşmaq mümkündür. Futbolçuların işi bu axsamaları aradan qaldırmaqdır. Bacardıqca çox məşq edib, bu boşluğu dolduracağıq.

- “Bakı” üçün hazırda əsas prioritet ölkə kubokunu qazanmaqdır. Bu baxımdan üstünlüyün kubok oyunlarına veriləcəyini düşünmək olarmı?
- Ayrı-seçkilik etmək istəmirik. Bütün oyunlar bizim üçün vacibdir.

- “Simurq”un “Qəbələ” ilə oyunda xal itirməsi komandanızı stimullaşdıra bilərmi?
- Diqqəti öz oyunumuza yönəltmişik. Bizim üçün vacib olan hər oyunda qələbə qazanmaqdır. Digər komandaların oyunları bizi maraqlandırmır.

- Ölkə kuboku qazanmaq şansınız nə dərəcədə realdır?
- Əlbəttə, şansımız yüksəkdir. Kubokun sonuncu qalibi biz olmuşuq. Çalışacağıq ki, kuboku özümüzdə saxlayaq. Digər rəqiblərimizə də hörmətlə yanaşırıq. Məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik.