“Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk”
07.04.2013 - 00:02
“Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk”
“Rəvan” – “Sumqayıt” oyunu Topaz Premyer Liqasının 25-ci turunun prinsipial qarşılaşmalarından biridir. Apasport.az saytının məlumatına görə, hər halda, turnir cədvəli baxımından komandaların qonşu olması gərgin mübarizə vəd edir. Bu gün saat 17:00-da “Bayıl-Arena”da start fiti səslənəcək görüşdə “uçan aslanlar” ümumi qələbə ilə yanaşı, Xuan Manuel Vareanın seriyasının davam etməsinə ümid bəsləyəcək. Çünki argentinalı 3 mənada 3-ə çata bilər.

Birincisi, ötən yay komandamızın transfer etdiyi Varea “Sumqayıt”la cari mövsüm artıq baş tutan hər iki oyunda fərqlənib. O, səfər matçında “Rəvan”a qələbə gətirən yeganə qolun müəllifi olmuşdusa, ev oyununda da fərqlənmişdi. Deməli, Xuanın sumqayıtlıları ardıcıl 3-cü oyunda da məyus etmək şansı yaranır. Üstəlik, ikinci “altılığ”ın ilk 2 matçında (Xəzər Lənkəran – 1:0, Turan – 6:2) fərqlənən cənubi amerikalı qolçu bu dəfə də adını tabloya yazdıra bilsə, elita oyunlarında ardıcıl 3 matçda fərqlənən 3-cü “Rəvan”ın futbolçusu olacaq. İndiyə qədər Nemanya Vidakoviç (28 aprel – 12 may 2012-ci il) və Mindauqas Kalonas (9 – 22 fevral 2013-cü il) dalbadal 3 oyunda qol sevinci yaşaya bilib.

Bu kimi məqamları nəzərə alaraq bu günkü məşqdən sonra Varea ilə danışdıq. Argentinalı klubun rəsmi saytına maraqlı açıqlamalar verib: “Oyuna hazırlıq çox yaxşı keçdi. Demək olar, oyuna tam hazırıq. Meydana yalnız qələbə üçün çıxacağıq. Düzdür, bu rəqiblə əvvəlki 2 oyunda fərqlənmişəm. Amma indi bunun elə bir önəmi yoxdur. Əsas komanda şəklində yaxşı oynayıb yaxşı nəticə qazanmaqdır. Qol vuracağımı əminliklə deyə bilmərəm. Çünki komanda oyununa üstünlük verirəm. Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk. Hazırda hər oyunda qələbə qazanmaq daha vacibdir. Əlbəttə, fərdi məqsədlərim də var. Amma bu heç vaxt komandanın mənafeyindən üstün ola bilməz. Qısası, yenə qol vursam, həm özüm, həm də komanda üçün əla olardı. Ancaq sırf qol üçün oynamayacam. Komanda kimi yaxşı oynasaq, şanslarım da öz-özünə yaranacaq”.