Mübariz Mənsimov: Bu, boş iddiadı
07.04.2013 - 09:48
Mübariz Mənsimov: Bu, boş iddiadı
"Xəzər Lənkəran" dünən Topaz Premyer Liqasının XXV turunda "Kəpəz"lə qarşılaşdı. "Dalğa Arena"da baş tutan oyunu izləyənlər arasında "ağ-yaşıllar"ın fəxri-prezidenti, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov da yer almışdı. Əslində, Türkiyədə yaşayan həmyerlimizin Bakıya bir gün öncə gəldiyini eşitdiyimizdən, klubun vitse-prezidenti Tuyqun Nadirovdan Mübariz bəylə görüşüb, son vaxtlar cənub təmsilçisində baş verən dəyişikliklərlə bağlı müsahibə götürmək üçün şərait yaratmağımızı xahiş etmişdik. Apasport.az saytının müraciətinə əvvəlcə "100 faiz söz verə bilmərəm" deyən Nadirov matçın fasiləsində əməkdaşımızı komandaya mətbuat katibi təyin olunan Hüseyn Cəbrayıloğlu ilə birlikdə fəxri-prezidentin yer aldığı VİP lojaya dəvət etdi.

- Con Toşakın "Xəzər Lənkəran"ın baş məşqçi postuna təyin olunması böyük rezonans doğurdu. Uelsli mütəxəssisin rəhbərliyi altında komandanızın keçirdiyi ilk səfər matçını canlı izləyirsiniz. Hansı düşüncələriniz var?
- Toşak işinə yeni başlayıb. Uelsli mütəxəssis haqda danışmağa ehtiyac yoxdu. Adlı-sanlı, tanınmış simadı. Gördüyü işlərlə özünü sübut etmiş mütəxəssislərdəndi. Hələ komandaya, futbolçulara baxır. Bu dəfə komandadan maksimum nə tələb olunursa, onu da alacaq. Toşakı çoxdan tanıyıram, ona inanıram, ona inamım böyükdür. Toşakı "Xəzər Lənkəran"a gəlməsi Azərbaycan futbolu üçün də yaxşı haldır.

- Adətən adlı-sanlı məşqçilər Azərbaycana gəlməkdə tərəddüd edirlər. Bu mənada Con Toşakla ortaq məxrəcə gəlməkdə hansısa problem olmadı ki?
- Xeyr. Toşak çox sadə insandır. Heç bir problem yaranmadı. Dostlarımız sağ olsun, onların da əlaqələrindən istifadə etdik.

- Gələn il "Xəzər Lənkəran" 10 yaşını qeyd edəcək. Bu səbəbdən növbəti mövsüm komandanın məqsədi böyük olacaq...
- Əlbəttə. Bütün səlahiyyətlər baş məşqçimizdədir. Toşak kimi istəyərsə transfer edər. Biz onun bütün qərarlarının arxasında duracağıq.

- "Kimi istəyərsə transfer edər" deyəndə, yəqin ki məşhur futbolçuların transferinə işarə vurursunuz...
- Bəli!

- Toşakın gəlişindən sonra "Arsenal"a məxsus Andrey Arşavinin "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərlər səngimək bilmir. Rusiyalı futbolçu həqiqətən də komandanızın maraq dairəsinə düşübmü?
- Arşavinlə kim görüşüb, kim maraqlanıb, mənim bundan xəbərim yoxdu. Əslində, bu, yalan xəbərdi, ortaya atılmış boş iddiadı.

- Bəs komandanıza Arşavin səviyyəsində futbolçu transfer edilə bilərmi?
- Nəinki Arşavin, ondan da məşhur futbolçu gələ bilər.

- Yəqin ki, Toşakın təyinatından sonra komandanızın oyunlarını izləmək üçün Azərbaycanda, Lənkəranda daha çox görəcəyik. Hər halda, lənkəranlı azarkeşlərin sizə rəğbəti çox böyükdür.
- İnşallah. Bundan sonra tez-tez gəlməyə çalışacağam.