Ştark mövsümün sonuna kimi avrokuboklardan kənarlaşdırıldı
09.04.2013 - 21:51
Ştark mövsümün sonuna kimi avrokuboklardan kənarlaşdırıldı
UEFA İntizam komitəsi almaniyalı hakim Volfqanq Ştarkı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə qarşılaşan PSJ – “Barselona” (2:2) matçındakı üç ciddi səhvi səbəb olub.

Belə ki, Ştark Kataloniya klubunun 2 futbolçusu Xordi Alba və Xavyer Maskeranonun toqquşaraq meydana yıxılması zamanı oyunu davam etdirib. Sonra onun icazəsi ilə oyunçular meydanı tərk ediblər. Lakin qaydalara əsasən, əgər bir komandanın iki və ya daha çox oyunçusu zədələnərsə, bu zaman həkimlər onlara meydanın içində tibbi yardım göstərməlidir. Sonda isə Alba və Maskerano meydana künc xəttindən daxil olublar, halbuki onlar yan xətdən oyuna girməliydilər.

Beləliklə, Volfqanq Ştark mövsümün sonuna kimi avrokubokların oyunlarını idarə etməkdən kənarlaşdırıb.

Qeyd edək ki, “Barselona” daha əvvəl almaniyalı hakimin idarəçiliyindən narazı olduqları üçün UEFA-ya rəsmi şikayət məktubu göndərmişdi.