Əsgər Abdullayev: …Şükür Allaha mən yox, o, öldü – MÜSAHİBƏ
10.04.2013 - 10:01
Əsgər Abdullayev: …Şükür Allaha mən yox, o, öldü – MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- Artıq yarım ildir işləmirsiniz. Son vaxtlar təklif almamısınız?
- Hələlik evdəyəm. Mənimlə maraqlanan olmayıb.

- Bu vəziyyət sizi təəccübləndirmir?
- Vallah, təəccüblənməkdən keçib. Normal yanaşıram.

- Məcburi istirahətiniz uzun müddətli olacaq?
- Hər şey Allahın əlindədir.

- Xaricdə işləmək variantına necə baxardınız?
- Bu haqda danışmaq istəmirəm. Nəsə olsa, biləcəksiniz.

- Bəzi həmkarlarınız özlərini xaricdən təklif almaları ilə reklam edirlər...
- Olanda görəcəksiniz. Bu, müqavilə bağlayandan sonra dəqiqləşir. Söz-söhbəti desəm, ağzıgöyçəklər deyəcəklər ki, özünü reklam edir. Elə şeyi xoşlamıram.

- Yalnız şəxsi işlərlə məşğulsunuz, yoxsa futbol adamları ilə görüşür, futbol oynayırsınız?
- Futbol oynamıram, futbol adamlarını isə toydan toya, yasdan yasa görürəm.

- Boş qalmaq darıxdırıcı deyil?
- Əlbəttə. Bu, mənim həyatım deyil axı.

- Sizcə, Əsgər Abdullayev klublarımıza niyə lazım deyil?
- Bu suala cavab verə bilmərəm. Heç kimə irad tutmaq niyyətində deyiləm. Hərənin öz ağlı, istəyi, Allahın verdiyi qisməti var.

- Son komandanız olan “Turan”ın hazırda çempionatda 11-ci yerdə qərarlaşması sizi təəccübləndirmir?
- Desəm təəccübləndirir, deyəcəklər ki, sənin vaxtında da 11-ci yerdə olub. Söhbət bundan getmir. Başa düşürsünüz, mən heç nə ilə maraqlanmıram. Oyunlara getmirəm. Baxdığım oyunlar da əsas Çempionlar Liqası, İtaliya, İspaniya çempionatlarıdır.

- “Turan” tarixində ilk dəfə I diviziona düşmək üzrədir. Buna necə şərh verərdiniz?
- Mən o komandadan çıxandan sonra danışmadım. Üstündən 5-6 ay keçəndən sonra, ümumiyyətlə fikir bildirmək istəmirəm. Desəm bu belədir, elədir, düzgün olmaz. Hər bir komandaya uğurlar arzulayıram. Komandada o vaxt sözümü demişdimsə, indi çıxıb gedəndən sonra haqq qazandırmaq, özünü təmizə çıxarmaq –belə şeyləri sevmirəm.

- Postunuzda qalsaydınız, komanda üst pillələrdə ola bilərdi?
- Məşqçinin vəzifəsi işini görməkdir. Buna qiymət vermək sizlərin işidir. Məşqçi özünü tərifləyib, gözə soxası deyil ki... Kiminsə işinə qarışmağı sevmirəm.

- “Turan” sizin vaxtınızda da I diviziona düşə bilərdi. Buna görə “yaxşı ki vaxtında getdim” - deyə, düşünmürsünüz ki?
- Belə demək düzgün deyil. Təsəvvür elə ki, kimsə sənin yanında yıxılıb ölür. Öz-özünə deyirsən ki, şükür Allaha mən yox, o, öldü. Bu, artıq insanlığa yaraşmır. Mən kiminsə bədbəxtçiliyi üzərində xoşbəxtlik axtaran adamlardan deyiləm.

Mehman SÜLEYMANOV