“Xəzər Lənkəran”ın futbolçusu: Belə sonluq rüsvayçılıqdır!
10.04.2013 - 10:18
“Xəzər Lənkəran”ın futbolçusu: Belə sonluq rüsvayçılıqdır!
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Borussiya” – “Malaqa” qarşılaşması Azərbaycandakı legionerlərin də marağına səbəb olub. Apasport.az saytının məlumatına görə, ölkəmizdə oynayan ispaniyalı futbolçular Malaqada qolsuz heç-heçə edən komandalarının Dortmundda 2:3 hesablı məğlubiyyətinə üzülüblər.

“Xəzər Lənkəran”ın bu qış transfer etdiyi Alvaro Silva və Toni Doblas da qarşılaşmaya biganə qalmayıb. Bu da başadüşüləndir. Alvaro peşəkar karyerasına məhz “Malaqa”da başlayıb və 10 illik futbolçu həyatının yarıdan çoxunu – 6 ilini bu klubda keçirib.

Müdafiəçi 2:1 hesabı ilə öndə olan sevimlilərinin 90 və 90+1-ci dəqiqədə 2 qol buraxaraq mübarizəni dayandırmasına məyus olub: “İnanılmaz dərəcədə möhtəşəm futbol izlədik. Başa düşmürəm, rəqibə necə imkan vermək olar ki, 1 dəqiqəyə 2 qol vursunlar. Amma yenə də “Malaqa”, mən səninlə fəxr edirəm”.

Qapıçı isə mübarizənin son dəqiqələrdə buraxıla qollarla dayandırılmasını mənfi hal kimi dəyərləndirib: “Belə sonluq rüsvayçılıqdır”.