Tofiq Fətullayev: Bu, “Neftçi”yə aid işdir
10.04.2013 - 12:52
Tofiq Fətullayev:  Bu, “Neftçi”yə aid işdir
“Çıxardığımız qərarlara şərh verə bilmərəm. Biz fikirlərimizi dünən demişik”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin (İK) sədri Tofiq Fətullayev deyib.

Fətullayevin uzun illərdir rəhbərlik etdiyi İK dünənki iclasında “Neftçi” klubuna ağır cəzalar kəsib. Belə ki, “ağ-qaralar” Topaz Premyer Liqasının XXV turunda “Qarabağ”la “Bakcell Arena”da keçirdiyi matçda yaranan xoşagəlməz olaylar üzündən 33200 manat cərimələnib. Baş məşqçi Böyükağa Hacıyev isə oyundan sonra keçirilən mətbuat konfransında AFFA və PFL əməkdaşlarının ünvanına işlətdiyi qeyri-etik sözlərə görə 10 oyunluq cəzalandırıldığından, mövsüm onun üçün artıq bitib.

Fətullayevin qərarla bağlı fikirlərini öyrənmək istəsə də, o, şərhdən imtina etdi: “Həmin oyunda baş verənlərə geniş baxdıq. Epizodları bir-bir baxıb müzakirə etdik. Sonda qərarlarımızı çıxardıq. Bundan başqa fikir deyə bilmərik”.

“Neftçi” qərarla razılaşmayaraq, apelyasiya vermək fikrindədir. İK sədri bunun onlara aid məsələ yox, klubun işi olduğunu bildirib: “Bu, “Neftçi”yə aid işdir”.

Mehman SÜLEYMANOV