“O, qidalanma qaydalarını Azərbaycanda öyrəndi” - MÜSAHİBƏ
10.04.2013 - 17:04
“O, qidalanma qaydalarını Azərbaycanda öyrəndi” - MÜSAHİBƏ
“Turan”ın malili futbolçusu Salif Ballonun apasport.az saytına müsahibəsi əks-səda doğurub. Hücumçu komandada nizam-intizamın olmadığını, futbolçuların isə baş məşqçi Əfqan Talıbovu vecinə almadıqlarını bildirib. Səslənən ittihamlarla razılaşmayan Tovuz təmsilçisinin kapitanı Kamal Bayramov redaksiyamızla əlaqə saxlayaraq, Ballo haqda maraqlı fikirlər səsləndirib.

- Salifin müsahibədə dediyi sözlərə haqq qazandırmıram. Çünki səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Düzdü, bir müddət əvvəl maliyyə problemi vardı ki, o da aradan qalxdı. Başqa problemimiz yoxdur. Problem Ballonun özündədir.

- Özündə, yəni nədə?
- Çünki Azərbaycana gəlib, işıqlı dünya gördü. O, mənimlə birgə “Xəzər Lənkəran”da da oynayıb. İl yarım öncə Azərbaycana necə, hansı vəziyyətdə gəldiyini xatırlasın. Ballonu ilk dəfə Antalyada, “Xəzər Lənkəran”da oynadığım vaxt görmüşəm. Baxışa gəlmişdi, amma sonradan bəyənilmədi. Onu futbolçu kimi Əfqan Talıbov üzə çıxardı, ictimaiyyətə tanıtdırdı. Salif bunların hamısını danıb, ağzına gələni deyirsə, il yarım əvvəl gəldiyi günü yadına salsın.

- Ballonun “Xəzər Lənkəran”a gəldiyi günü necə xatırlayırsınız?
- Belə deyək, sanki palçıqdan çıxıb asfalta düşdü. Afrikadan gəlib “Turan”a belə ləkə yaxmağı onu göstərir ki, bu insanın dünyagörüşü yoxdur. Adi məişət əşyalarından istifadə, özünü aparmağı, qidalanma qaydalarını Azərbaycanda öyrəndi. “Xəzər Lənkəran”da 30 saniyə oynadıqdan sonra “Turan” onu heyətinə cəlb etdi. Komandamızda Balloya inandılar, Tovuz camaatı tam dəstək oldu, ilk dövrədə bütün pulunu aldı.

- Ancaq Ballo ilk dövrədəki oyunu göstərmir…
- Zəif çıxışına görə heç kimdə günah axtarmasın. Bu insan məşqdə özünü göstərə bilmirsə, heç vaxt futbol oynaya bilməz. Futbolçu ilk növbədə günahı özündə axtarmalıdır, baş məşqçidə yox. Gecə saat 4-də, 5-də yatıramsa, səhərə qədər barda, diskotekalarda gəzirəmsə, onun nəticəsini meydanda görməyəcəyəm. Onunla birgə Malidən “Xəzər Lənkəran”a Sadio Tounkara da gəlmişdi. Mədəni oğlandır, sakit, öz işini bilən. Bunlar şərtdir. Nə olsun ki, Salif 8-9 qol vurub? Mən futbolçulara cəza kəsiləndə, kapitan kimi baş məşqçinin, vitse-prezidentin yanına gedib xahiş edirəm ki, bunun cəzasını azaldaq. Ancaq Balloya verilən cəza barəsində xahiş eləmərəm. Qoy, həmin cəzaların hamısı həyata keçsin. Çünki o boyda haqqı, əziyyəti tapdaladı.

- Salif komandada qış fasiləsində gələn futbolçulardan hamısının zəif olduğunu bildirib. Bunlardan birinin siz olduğunu nəzərə alsaq, sizin də “bostanınıza daş atıb”…
- Mən bu komandada çəkdiyim əziyyəti Ballo 20 ilə çəkə bilməz. “Turan”da pulsuz oynamışam, ömrümün axırına kimi pulsuz oynayaram. Bu, mənim doğma komandamdır. Ancaq hansısa Salif Ballo nəyisə pul xətrinə edə bilər. Nə olsun ki, 8-9 qol vurub? Onda çempionatımızın bombardiri Nikolas Kanales danışanda gərək bütün futbolçuların gözünü çıxarsın.

- Kapitan kimi Ballo ilə söhbətləşib, onu tənbeh etmək fikriniz varmı?
- İnsana söz deyəndə, gərək onun mahiyyətini bilsin. Bilmirsə, sabaha kimi de, nə xeyri?

Mehman SÜLEYMANOV