“Belə futbolçular çempionata əlavə çalar qatırlar”
10.04.2013 - 19:12
“Belə futbolçular çempionata əlavə çalar qatırlar”
“Hazırda komandamız turnir cədvəlində 2-ci yerdədir. Lakin bu o demək deyil ki, biz çempion ola bilmərik. Bizim yaxşı şansımız var. Ümumilikdə, komandanın çıxışından razıyam. Ötən tur “Bakı” komandasıyla qarşılaşdıq və çox vacib qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in prezidenti Georgi Nikolov deyib.

O, bu gün radio “İnter”in efirində yayımlanan “Küncdən zərbə” verilişinin qonağı olub. Klub rəhbəri proqramın gedişində müxtəlif mövzulara toxunub, paytaxt təmsilçisinin cari mövsümdəki çıxışını və ötən çempionluqlarını xatırlayıb: “Klubumuz iki dəfə ölkə çempionu olmuşdur və hər iki qələbə son turda qazanılmışdı. “Qarabağ”ın yarımmüdafiəçisinin (Zaur Həşimov-red.) “Olimpik”in qapısına vurduğu fantastik qolu hələ də xatırlayıram. Həmin qol sayəsində biz çempion olmuşduq. Bundan başqa, ikinci çempionluq da bizə son turda və çox gərgin mübarizə nəticəsində nəsib olmuşdu”.

Nikolov çempionatın formatının dəyişdirilməsi məsələsinə də toxunub: “Mən “altılığ”ın mənfi tərəfləri barədə tez-tez danışırdım və çox şadam ki, çempionatın belə formatda keçirilməsinə son qoyulacaq. Bir qədər təəssüf doğurur ki, Premyer Liqanı iki əyalət klubu tərk edəcək, ancaq ümumilikdə klubların sayının 10-adək azaldılmasından sonra çempionatda yalnız yaxşılar qalacaq”.

Sonra klub rəhbəri yerli legionerlər barədə verilən sualları cavablandırıb: “Düşünmürəm ki, Azərbaycan futbolunda legionerlərin olması pis haldır. Bir baxın, görün Bryus Abdulaye necə çıxış edir! Bəs Nikolas Kanales “Neftçi” üçün nə qədər qol vurmuşdur! “Rəvan”ın futbolçusu Mindauqas Kalonas isə yerli çempionata əla uyğunlaşdı. Belə futbolçular çempionata əlavə çalar qatırlar, onlarla yanaşı oynayan yerli futbolçular da həmin futbolçulardan nəsə öyrənə bilərlər”.