“Fənərbaxça”: Atalar üçdən deyib
12.04.2013 - 08:18
“Fənərbaxça”: Atalar üçdən deyib
Avropa Liqasının yarımfinal mərhələsinə yüksələn 4 komandadan ikisi bu uğura ilk dəfə nail olub. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” və İsveçrənin “Bazel” klubları indiyədək heç vaxt belə uğur qazanmamışdı.

Yarımfinal mərhələsinin debütantlarının hər ikisi üçüncü cəhddən ilkə imza atıb. Belə ki, bunadək türkiyəlilər də, isveçrəlilər də 2 dəfə 1/4 finalda mübarizəni dayandırmışdılar.

“Fənərbaxça” 1964-cü ildə Kuboklar Kuboku, 2008-ci ildə Çempionlar Liqasında yarımfinalın 1 addımlığında büdrəmişdi. “Bazel” isə 1974-cü ildə Çempionlar Kuboku, 2006-cı ildə isə UEFA kubokunda 1/4 finaladək irəliləmişdi.

Qeyd edək ki, digər yarımfinalçılardan Portuqaliya “Benfika”sı 13-cü, İngiltərə “Çelsi”si 12-ci dəfə finalın 1 addımlığınadək irəliləyib.