“Neftçi” nədən şikayətlənir?
12.04.2013 - 08:48
“Neftçi” nədən şikayətlənir?
“Google”da ölkə çempionatı ilə bağlı axtarış versək, son iki turda ölkəmizin ən titullu komandası sayılan “Neftçi”nin adına daha çox rast gəlmək olar. Ancaq təəssüf ki, “ağ-qaralar”ın adı daha çox neqativ hallarda çəkilir.

Payızda komandanın adı Avroliqa ilə hallanırdısa və bununla fəxr hissi duyurduqsa, indi gör bu klubun adı niyə və hansı hallara görə çəkilir? Qazonu yandırmağa, “Qarabağ”ın haqlı qələbəsinə kölgə salmaq cəhdinə, Böyükağa Hacıyevin yersiz iddialı açıqlamalarına və s. xırda məsələlərə görə.

“Neftçi” artıq apelyasiya şikayəti verib. Məgər Qurban Qurbanovdan ardıcıl 3-cü yenilgi almağa dözmək olmazdı? Elə bilin ki, Qurbanova 3 xalı məcməyidə vermisiz. Axı o, yerli məşqçidir. Nə Kaxaber Sxadadze, nə Karles Martorell, nə də Mirça Rednikdir ki, əcnəbi məşqçiyə uduzduğunuza görə belə əsəb hissi keçirirsiz? Böyükağa Hacıyev bu abzasdakı cümlələrdən yəqin ki, nəyi ifadə etmək istədiyimi anladı.

“Neftçi” nədən şikayətlənir? Qəza törətdiyi üçün oynamayacağı deyilən Araz Abdullayevin Maksim Medvedevə qarşı kobudluğuna, Rəhim Həsənov da 2-ci sarı vərəqə ilə meydandan qovmaq cəsarətinin çatmamağına və ya Emeka Oparanın təmiz qolunun laynsman tərəfindən hesaba alınmamasına görə? Penalti epizodunu isə demirəm. “Neftçi”nin rəsmi saytında bu epizoda toxunulmamağı bilavasitə klubun Həsənovun təyin etdiyi penalti qərarı ilə razı olması kimi qəbul edilməlidir.

“Neftçi” nədən şikayətlənir? Verilən cəzanın həddən çox olmasından? Baş məşqçisinə görə 20, seleksioner köməkçisinə görə 5 min ziyana düşmək çoxmu ağır gəlir? Bu şikayətin əsassız olması üçün yaddaşları qurcalamaq lazımdır.

Media əhli PFL başqanı Ramin Musayevi 2 il əvvəl “Neftçi”yə dəstək verməkdə qınadığı halda, Hacıyev bu qurumu “Qarabağ”ı irəli dartmaqda günahlandırır. Yadınıza salım ki, həmin Musayev “Neftçi”nin vitse-prezidenti olanda sizin kimi artıq-əskik hərəkətinin qurbanı olub. Məhz o, “Qarabağ”la kubok oyununda ya Fariz Yusifovu, ya da 4-cü hakim Ceyhun Haşımovu (yaddaşım məni aldada bilər) söyüşlərə qərq etdiyinə görə 186 minə yaxın pul cəzası almışdı. Onda da AFFA İntizam Komitəsinin rəhbəri Tofiq Fətullayev idi, indi də. Dəyişən nə olub ki? Qanunlar? Yox, nöqtə-vergülünə kimi eynidir.

Bəs onda “Neftçi” nədən şikayətlənir? PFL-in kameralarına baxıb həmin qurumu təhdid etməyə görə 20 min manatlıq cəza hələ az deyilmi? 186 minlə 20 min arasında yerlə-göy qədər fərq var...

Bu darmacal vaxtda bir tərəfdən də Conni Leoni məsələsi ortaya çıxıb. İsveçrəli qolkiper Saşa Stamenkoviçin ehtiyatında qalmaqdan bezdiyindən, atasının xərçəng olmasını əsas göstərib və baş götürüb qaçıb ki, heç izi-tozu da qalmayıb. Hətta onun həyat yoldaşı Bakıda yaşadıqları mənzili gəlib elə süpür-süpür edib ki, futbolçunun ən bərbad karyerasını keçirdiyi Azərbaycanda bir də onun adı hallanmasın.

Klub rəsmiləri məsələdən sonradan hali olub. Viza məsələsi isə yalandan başqa bir şey deyildi və vaxt uzatmağa yönəlik bir şey idi – bəlkə Conni gəldi deyə. Leoni isə burdan gedəndə qətiləşdirmişdi ki, bir də bu yerlərə qayıtmayacaq. Ancaq yazıq nə biləydi ki, o gedəndən sonra rəqibinin olmamasından boşalan Stamenkoviç son 2 turda “quş”ları ilə göz çıxaracaq...