Tanınmış rusiyalı futbolçudan “Caspian Cup”a yüksək qiymət
12.04.2013 - 09:42
Tanınmış rusiyalı futbolçudan “Caspian Cup”a yüksək qiymət
Tanınmış rusiyalı futbolçu Vladimir Niderqaus AFFA-nın keçirdiyi ənənəvi “Caspian Cup” beynəlxalq turnirinə yüksək qiymət verib. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasında milli komandalar departamentinin rəisi olan keçmiş hücumçu qatıldıqları turnirlər arasında Bakıda keçiriləni də fərqləndirib.

O bildirib ki, artıq hər cür şərait yaratdıqları yığmaları bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yaxşı sınaqdan keçirlər: “Bizim yığmaların əvvəllər turnirlərlə bağlı kasadlığı vardısa, indi bu, tam aradan qaldırılıb. Təqvim planımız 1 il əvvəldən yazılır. Ənənəvi turnirlər olan “Caspian Cup” (Azərbaycan), “Prezident Kuboku” (Qazaxıstan), “Palanqa Kuboku” (Litva), “Qranatkin kuboku” və “Birlik kuboku”nda (hər ikisi Rusiya) çıxış edirik. Bu turnirlərdə ən yüksək səviyyəli rəqiblərlə oynayırıq. Biz ora İtaliya, Türkiyə və Gürcüstandakı yarışları də əlavə etmişik”.

Qeyd edək ki, Qazaxıstanın 17 yaşlılardan ibarət yığması mayın 29-dan iyunun 5-ə kimi Bakıda keçiriləcək turnirdə B qrupunda Bolqarıstan və Gürcüstanla birgə düşüb.