Azərbaycan – Qırğızıstan matçı bu il keçiriləcək
12.04.2013 - 12:33
Azərbaycan – Qırğızıstan matçı bu il keçiriləcək
“Qırğızıstan yığması bu il 6 yoldaşlıq oyunu keçirəcək. Həmin oyunların yay-payız aylarında keçirilməsi planlaşdırılıb”. Apasport.az-ın for.kg saytına istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Futbol Federasiyasının (QFF) icraçı direktoru Dastan Konokbayev deyib.

Konokbayev bu gün mətbuat konfransı keçirib. O, yığma komandanın bu il ərzində 6 yoldaşlıq oyunu keçirəcəyini bildirib. Bunların arasında millimizlə oyun da var.

Onun sözlərindən belə aydın olur ki, Qırğızıstanla oyun 2014-cü ilin əvvəlində yox, məhz bu il keçiriləcək. Qarşılaşma isə Bakıda və ya Bişkekdə ola bilər: “Azərbaycan və Belarusla razılıq əldə olunub. Hazırda həmin matçların harda keçirilməsinə qərar verilir. Məsələn, sentyabrda səfərdə oynaya bilərik, noyabr ayında isə Qırğızıstanda. O cümlədən Küveyt və Bəhreynlə də yoldaşlıq oyunları keçirilməsinə dair razılıq əldə olunub. Digər rəqiblərimiz isə hələ müəyyənləşməyib. Tacikistan, Türkmənistan və Qazaxıstanla oynamaq variantları var”.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov fevralda Bişkekdə keçirilən UEFA seminarında iştirak etmişdi. Həmin vaxt QFF-nın baş katibi Asılbek Kadıraliyevlə görüşən Məmmədov belə bir yoldaşlıq oyununun keçirilməsinə dair razılığa gəlmişdi. Ancaq o, açıqlamasında bu oyunun 2014-cü ilin əvvəllərində keçirilə biləcəyini demişdi.