“Rubin” Ruslan Abışova mükafat verəcəkmi?
12.04.2013 - 13:17
“Rubin” Ruslan Abışova mükafat verəcəkmi?
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu 2012/13 mövsümünü mükafatçılar sırasında bitirmək iddiasındadır. Apasport.az saytı Kazan təmsilçisinin ilk “üçlük”də qərarlaşacağı halda həmyerlimizin medala layiq görülüb-görülməyəcəyini araşdırıb.

Premyer Liqanın 2013-cü ilə aid olan hissəsində qapısından qol buraxmayan kazanlılar 4 oyunda “evdə qələbə, səfərdə heç-heçə prinsipi” ilə 8 xal toplayıblar. Bunun sayəsində artıq 3-cü pillədən cəmi 4 xal geri qalırlar.

Son 7 turda 4 dəfə öz, 3 dəfə rəqib meydanında oynayacaq “Rubin”in hazırda enişdə olan “Anji”ni 3-cü pillədən sıxışdırması inandırıcı görünür. Bürünc medalların qazanılacağı halda isə Abışovun da mükafata sahib çıxması mümkündür.

Düzdür, arxada qalan 4 turda həmyerlimiz əsas komandada hələ debüt etməyib. Komandasının belə uğurlu oynadığı vaxtda onun debütü gözlənilən də deyil. Hər halda, müdafiəçi əvəzedici heyətdə keçirdiyi debüt matçının fasiləsində əvəzlənib.

Lakin bu, onun bürünc qazanmasına mane olmayacaq. Çünki 3-cü yerin əldə olunacağı halda, Ruslana medalın verilib-verilməyəcəyinə onun meydana çıxıb-çıxmamağı təsir etməyəcək. Buna qərarı klub rəhbərliyi verəcək.

Çünki Azərbaycanda olduğu kimi, Rusiyada da medal almaq üçün futbolçulara oyun sayı ilə bağlı hər hansı limit yoxdur. Yəni eynə bizdə olduğu kimi, klub kimə istəsə medal verə bilər. Bu qayda Rusiya Premyer Liqasının Əsasnaməsinin 18.3 maddəsində də əksini tapıb.

Qeyd olunub ki, çempion və mükafatçı klubun ümumilikdə 35 üzvü medallarla təltif olunur. Lakin klub rəhbərliyi Rusiya Futbol İttifaqı və Premyer Liqaya müraciət edib, digər oyunçular və əməkdaşlarının mükafatlandırılması məsələsini qaldıra bilər. Bu halda medallar klubun vəsaiti hesabına hazırlanacaq.

Bu isə o deməkdir ki, meydana çıxsa da, çıxmasa da, Ruslanın “35-liy”ə düşməsinə rəhbərlik qərar verəcək. Onlar 50 nəfərə yaxın rəhbərlik, inzibati, texniki, məşqçilər heyəti və adı iştirak ərizəsində yer alan 26 futbolçu arasında seçim edib, 35 oyunçunu müəyyənləşdirməlidir. Lakin istisna deyil ki, bürünc əldə olunacağı halda, klub rəsmi müraciətlə 26 futbolçusunun hamısını – oyun sayından asılı olmayaraq - mükafatlanmasına nail olacaq.