Vaqif Qasımov od püskürdü: O təyinatın necə baş tutduğunu mən bilirəm
12.04.2013 - 16:51
Vaqif Qasımov od püskürdü: O təyinatın necə baş tutduğunu mən bilirəm
“AZAL-ın “Sumqayıt”a xal verəcəyi ilə bağlı səslənən fikirlər tam məntiqsizdir. Demişəm, yenə də deyirəm: AZAL nə oyun satır, nə də alır”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın vitse-prezidenti Vaqif Qasımov deyib.

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Bayıl Arena”da keçiriləcək “Sumqayıt” – AZAL matçı ətrafında oyun satqısı iddiası ortaya atılıb. Guya “təyyarəçilər” 3 xalı sumqayıtlılara verməlidir ki, “Gənclik şəhəri” təmsilçisi elitada qalsın. Belədə “Sumqayıt” AZAL-ı oyun alqı-satqısında suçlayan “Turan”la arasındakı xal fərqini artırmış olur və tovuzluların Premyer Liqa ilə vidalaşması faktiki olaraq gerçəkləşir.

Ancaq AZAL-ın keçmiş prezidenti olan Vaqif Qasımov bu fikirləri yaxına buraxmır: “Xahiş edirəm, AZAL-ın adını oyun alqı-satqısında hallandırmayın! Mən keçən dəfə “Turan”la qarşılaşmadan sonra Əfqan Talıbova da dedim. Bizim kimdənsə oyun almağa ehtiyacımız yoxdur. Bunu “Turan” “Qəbələ”yə 0:2 hesabı ilə uduzduğu oyundan əvvəl niyə demirdi? Elə ki, Tovuzda “Qəbələ”yə uduzdular, məğlubiyyəti sığortalamaq üçün AZAL-a şər atmağa başladılar. Belə bir şey vardısa, bizimlə oyundan dərhal sonra ictimaiyyətə açıqlama verərdilər”.

Qasımovun sözlərinə görə, bu faktın əsassız olmasını 2 amil göstərir: “Sumqayıt” özü güclü klubdur. Onların hər hansısa komandadan xal almasına ehtiyac da yoxdur. Çünki demək olar “Turan” Premyer Liqa ilə vidalaşıb. İnandırıcı deyil ki, “Turan” bundan sonrakı oyunlarda “Sumqayıt”la arasındakı xal fərqini azaltsın. İkincisi, “Sumqayıt”ın özünə nə gəlib? Yaxşı futbolçuları var. Biz hələ bu komandanı məğlub etməyi bacarmamışıq. Vaqif Sadıqov AFFA-nın istəyilə bu kluba təyin olunmayıb. Bu, yalan söhbətdir. Onun təyinatının necə baş tutduğunu mən bilirəm”.

Qeyd edək ki, AZAL cari mövsüm indiyə kimi bu klubla 2 dəfə qarşılaşsa da, hər 2 matç heç-heçə (2:2, 1:1) başa çatıb. Digər tərəfdən məhz bu məqam da AZAL-ın qəsdən “Sumqayıt”a xal verəcəyi iddiasını aktuallaşdırıb.

Səbuhi TOFİQOĞLU