“Azərbaycanda tanınmış futbolçu yoxdu”
12.04.2013 - 23:01
“Azərbaycanda tanınmış futbolçu yoxdu”
Ukrayna milli komandasının sabiq baş məşqçisi Leonid Buryakın apasport.az saytına müsahibəsi

- Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq görüşünə dəvət olunmusunuz. Həmin vaxt gəlişinizdə problem olmayacaq ki?
- Mənə dostum Rüstəm Rəhimov zəng edərək, veteranlar arasında beynəlxalq görüşünün keçiriləcəyini dedi. Bizə rəsmi dəvət gəlib və buna görə sağ olsunlar. Dəvəti böyük məmnuniyyətlə qəbul edib gəlməyi planlaşdırırıq. Sadəcə, bizi maraqlandıran təşkilatı məsələlərin həllidir ki, bunlarla Rəhimov məşğuldur. Heç bir maddi tələbimiz yoxdur, şərt irəli sürməmişik. Heydər Əliyev hələ SSRİ vaxtında çox hörmətli insan olub. Biz onun yubileyinə həsr olunan oyunda iştirak etmək üçün hər şey edəcəyik. Ümid edirəm ki, hər şey qaydasında olacaq.

- Öz işləriniz necədir?
- Sağ olun, hər şey yaxşıdır.

- 2012-ci ildə “Aleksandriya” klubundan edəndən sonra işsizsiniz...
- Bəli, hazırda heç yerdə işləmirəm.

- Sizin kimi tanınmış mütəxəssis niyə işsizdir?
- Bəzi məsələlər var ki, buna görə hələlik Ukraynadan kənara çıxa bilmərəm.

- Ailə məsələlərinə görə?
- Bəli. Yaxınlarım infarkt keçirib, iflic olub.

- Azərbaycan futbolundan söz düşəndə, kimi və nəyi xatırlayırsınız?
- Mən çoxdandır Bakıda olmurdum. 1 il öncə gəldim, şəhəri görəndə heyrətləndim. Əlbəttə, paytaxtınız çox gözəlləşib. Əvvəlkindən tam fərqlidir. Azərbaycan SSRİ futbolunda həmişə özünəməxsus yer tutub. Sizdə Banişevski, Kramarenko, Smolnikov, Şevçenko, Stekolnikov, Bruxti kimi futbolçular olub... Mən sıralamanı davam etdirə də bilərəm. Yəqin bu, SSRİ-nin gücü idi ki, müxtəlif futbol məktəbləri vardı. Məncə, Azərbaycan futbolu bu məktəbdə layiqli yerini tuturdu.

- Ancaq SSRİ dövründə yalnız 1 nəticəmiz olub ki, “Neftçi” 1966-cı ildə çempionatın bürünc medalını qazanıb. Sizcə, bunun səbəbi nə idi?
- Ona görə üzülməyə dəyməz. Bu, SSRİ futbolunun gücündən xəbər verir. Göründüyü kimi, onda çempionatda nəticə qazanmaq heç də asan deyildi. Mən həmişə demişəm ki, Lobanovski, Biba kimi futbolçular SSRİ yığmasına düşə bilmirdi ki, bu da daha güclü futbolçuların olduğunu göstərirdi. Azərbaycan futbolunun spesifik xüsusiyyətləri vardı ki, mən həmişə ona qarşı böyük məmnuniyyətlə oynayırdım, Bakıya həvəslə yollanırdım. “Neftçi”ni Bakıda məğlub etmək üçün gücün olmalı idi...

- Ən çox sevdiyiniz, güclü saydığınız azərbaycanlı futbolçu kim olub?
- Mərhum Anatoli Banişevski. O, mənim dostum idi. Azərbaycanlı futbolçularından çoxlarını, bayaq adlarını çəkdiklərimi, İsgəndər Cavadovu, Vitali Şevçenkonu yaxşı tanıyıram. Onların hamısı unikal futbolçular idi. Mən heç kimi aşağılamaq istəmirəm, hamısı layiqli futbolçular idi. Onların hər biri milli komandada oynaya bilərdi.

- Bakıya ən unudulmaz səfəriniz, bizə qarşı oyununuz hansı olub?
- Həmişə spesifik oyunlar, kompromissiz mübarizə idi. Hətta Kiyev “Dinamo”suna Bakıda “Neftçi”yə qalib gəlmək çox çətin idi. Bunun üçün həyatda nəyisə bacarmalı idin.

- Bəs indiki futbolumuz haqda hansı məlumatlara maliksiniz?
- Axı biz Okeanın o tayında yaşamırıq. İndi xarici telekanallara baxmaq imkanı var. Azərbaycan milli komandasının seçmə mərhələdəki oyunlarını izləyirik. İsrail, Portuqaliya ilə matçlarınıza baxmışam.

- Millimiz sizdə hansı təəssüratlar oyadıb?
- Yığmamız yavaş-yavaş artırır, artıq ayaq-üstə dayanır. Sanki uşaqda baş vardı, ancaq güc yox idi. Ancaq indi belə deyil və Azərbaycan yığması istənilən rəqibdən xal ala bilər.

- İndiki futbolçularımızdan tanıdıqlarınız var?
- Mənə bu haqda danışmaq çətindir. Açığı, yığmanın baş məşqçisi olduğum zaman hər şey asan idi. Biz Azərbaycan yığması ilə bir qrupa düşməmişik və sizdə əvvəlkindən fərqli, indi tanınan, ulduz futbolçunuz yoxdur.

Mehman SÜLEYMANOV