“Qızıl medal uğrunda mübarizə 2 klub arasında gedəcək” - MÜSAHİBƏ
12.04.2013 - 23:03
“Qızıl medal uğrunda mübarizə 2 klub arasında gedəcək” - MÜSAHİBƏ
“Sumqayıt” klubunun müdafiəçisi və kapitanı Samir Abasovun müsahibəsi

- Topaz Premyer Liqasının XXVI turunda AZAL-la qarşılaşacağınız oyuna nə dərəcədə hazırsız?
- “Rəvan”a uduzduqdan sonra əhval-ruhiyyəmiz bir qədər korlanıb. Çalışırıq ki, bu oyunda aktivimizdəki xalların sayını artıraq. İlin sonunu gözləyirik. Sevindirici məqam odur ki, komanda uduzmamağa çalışır. Çempionatda qalmaq istəyirik.

- “Təyyarəçilər”ə cari mövsümdə məğlub olmamısınız. Bu, əlavə motivasiya ola bilərmi?
- AZAL-la görüşlərimiz həqiqətən də maraqlı keçir. Bunu heç-heçə etdiyimizə görə demirəm. İnanıram ki, bu dəfə də belə olacaq. Uduzmaq istəmirik çünki itirdiyimiz hər xal vəziyyətimizi daha da çətinləşdirir.

- Artıq paytaxt klubunun sizə qəsdən uduzacağı ilə bağlı fikirlər dolaşır...
- Qardaş, belə dayaz fikirlər hardan yaranır? Buna inanmıram. Bəyəm AZAL yerini təmin edib ki? Danışılmış oyunları gedib başqa yerdə axtarsınlar.

- Təhlükəli zonadan elə də uzaqda deyilsiz. Bu amil komandaya təzyiq yarada bilərmi?
- Təzyiq yaradır. “Rəvan”la heç-heçə oynasaydıq ümidimiz artardı. Ötən il də işimizi çətinə salmışdıq. Get-gedə çətin rəqiblərlə qarşılaşacağıq. AZAL-dan sonra “Xəzər Lənkəran”la oynayacağıq. Buna görə həyəcan var.

- Adətən heyətin gənclərdən və təcrübəsiz oyunçulardan qurulmasından şikayət edirdiz. Komandada Aftandil Hacıyev, Xəyal Mustafayev kimi təcrübəlilər olsa da, Bernhard Raab onlara güvənmir. Bununla bağlı nəsə bilirsizmi?
- Aftandillə Xəyalın yerinə danışa bilmərəm. Düzdür, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmırıq ki, tanınmış adlara üstünlük verilsin. Kim hazırdısa, o da oynayır. Bununla Aftandillə Xəyalın hazır olmadığını demək istəmirəm. Hər ikisi oynayacaq durumdadır. Lakin heyəti baş məşqçi qurur. Suala məşqçi ətraflı cavab verə bilər. Həm də bunu Aftandillə Xəyal özləri araşdırmalıdır. Öyrənməlidirlər ki, hansı səbəbdən ehtiyatda qalırlar.

- Sumqayıtdan kənarda oynamağınız çıxışınıza necə təsir edir?
- Bezdiricidir. Hər gün məşq üçün Bakıya gedib-qayıdırıq. Əksər uşaqlar da Sumqayıtda qalır. Həm də “Bayıl Arena”da “Rəvan”ın əsas, əvəzedici komandaları, aşağı yaşlı yığmalar məşq edir. Məşqimizi oyun vaxtına uyğun deyil, stadionun boş saatlarına uyğun qururuq. Ancaq konkret vaxt olmalıdır. Çünki orqanizm buna uyğunlaşmalıdır. Bir gün saat 4-də, o biri gün 10-da məşq etmək olmaz.

- Çempionat oyunlarını izləyirsizmi?
- İlk “altılıq”da olmadığımızdan oyunlara baxmıram. Amma nəticələr, eləcə də söz-söhbətlər haqda məlumatımız olur.

- Ötən tur haqda nə deyə bilərsiz?
- “Neftçi”nin uduzacağını gözləmirdim. Bu komanda həqiqətən çox güclüdür. “Qarabağ” intriqanı bir qədər artırdı. Ancaq oyunda verilən penalti hələ də mənə çatmır. Penaltinin kimə görə verildiyini aydınlaşdıra bilmirik. Doğrudan da bu qərar bizi çox təəccübləndirdi.

- Favoritiniz hansı komandadır?
- Qızıl medal uğrunda mübarizə 2 komanda - “Neftçi” və “İnter” arasında gedəcək.

- Karyeranızla bağlı hansı qərara gəlmisiz?
- Rəhbərlik daha bir il qalıb, komandaya kömək etməyimi istəyir. Hər şey mövsümün sonunda aydınlaşacaq.