Emeka Opara: Bunu hər komanda bacarmır
14.04.2013 - 16:21
Emeka Opara: Bunu hər komanda bacarmır
“Çətin, həm də maraqlı qarşılaşma oldu. “Qarabağ”da ilk qolumu vurduğum üçün sevinirəm. Ancaq vacib olan komandamın qələbə qazanmasıdır”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın hücumçusu Emeka Opara deyib.

Topaz Premyer Liqasının XXVI turunda doğma meydanda “İnter”ı qəbul edən “Qarabağ” final mərhələsində üçüncü qələbəsini qazandı. Bununla da xallarının sayını 48-ə yüksəldən Ağdam təmsilçisi turnir cədvəlindəki yerini də yaxşılaşdırıb.

Belə ki, “bankirlər” üzərində qələbənin ardından Qurban Qurbanovun yetirmələri ikinci pilləyə yüksəlib. Əyalət klubunun indi liderdən cəmi 3 xal ayırır.

Oyunun taleyini həll edən qola imza atan Opara rəqibin xarakter nümayiş etdirməsini xüsusi qabardıb. O, “Qarabağ”ın “Neftçi” ilə müqayisə olunmasına isə belə münasibət bildirib: “Qarabağ”ı yalnız “Neftçi” ilə müqayisə etmək olmaz. “İnter” bu gün xarakter nümayiş etdirdi. Bu cür ağır oyunlarda 2 top fərqi ilə geridə ola-ola hesabı bərabərləşdirməyi hər komanda bacarmır. Ancaq “İnter” bunu etdi. Buna görə, onları xüsusi qeyd etmək istərdim. “İnter” kifayət qədər güclü və intizamlı komandadır”.