Ramiz Məmmədovun tapıntıları yatıb...
15.04.2013 - 10:34
Ramiz Məmmədovun tapıntıları yatıb...
“Qəbələ”nin baş məşqçisi postunda baş verən dəyişiklik futbolçuların komandadakı mövqelərinə də təsirsiz ötüşməyib. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun istefasından sonra onu əvəzləyən ispaniyalı Luis Araqon sələfinin kadrlarına güvənməməklə diqqət çəkir.

Bu ilin qışında Məmmədovun təşəbbüsü, bilavasitə bəyənməsi ilə transfer olunan Ceyhun Sultanov, Amit Quluzadə, Luka Jinko, Mustafa Dabo, Kristian Pulhak, İfeanyi Emeqara və Nikola Valentiç çalışdırıcı dəyişikliyindən sonra heyətdəki yerləri ilə bağlı fərqli duruma düşüblər. Onların əksəriyyəti demək olar “ofsayd”da qalıblar.

2013-cü ilin ilk 6 matçında Pulhak 6 (526 dəqiqə), Quluzadə 5 (414), Zinko 4 (248), Emeqara 4 (145), Valentiç 3 (178), Dabo 3 (161), Sultanov 3 (120) oyunda meydana çıxmışdı. Yeni transferlərin hər birinin ən azı 6 qarşılaşmanın 3-də, yəni yarısında oynaması Məmmədovun öz kadrlarına güvənməsini göstərir.

Lakin cəmi 2 oyunda baş məşqçini əvəzləyən Araqon bu futbolçularla bağlı fərqli düşünür. Yenilərdən 4-nə şans verməyi də lazım bilməyən ispaniyalı ilk oyununda Amiti 90, Kristianı 33, son turda isə Nikolanı 90 dəqiqə meydana buraxıb. Qış transferlərindən 4-ü isə pireneyliyə lazım olmayıb. Onlardan biri Ceyhun, həmçinin Amitin zədəli olması məlumdur. Lakin Zinko, Emeqara və Dabonun heç bir problemi görünmür. Onlarla yanaşı, Məmmədovun son matçlarında etimad göstərdiyi Daniel Kruz və Anar Nəzirov da heyətdə yerini itirib.

Araqon Məmmədovun bu il heç güvənmədiyi Elmar Baxşıyevə hər 2 görüşdə şans verib. Ondan başqa, Məmmədovun son vaxtlar nadir hallarda şans verdiyi Dieqo Kosta, Lourival Assis Rodriges, Şəhriyar Xəlilov da əsas heyətə qayıdıb. Üstəlik, əvəzedicilərin baş məşqçisi olan Araqon gənclərdən Rəşid Əmiraslanov, Müşfiq Teymurova da güvənərək, onları da sələfinin bəzi kadrlarından üstün tutur.