Fariz Nəcəfov: Heç olmasa, faizə bölsələr adamı yandırmaz - MÜSAHİBƏ
16.04.2013 - 13:40
Fariz Nəcəfov: Heç olmasa, faizə bölsələr adamı yandırmaz - MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Komandanız “Simurq”la oyunda olduğu kimi, “Bakı” ilə qarşılaşmada da son dəqiqələrdə qol buraxdı. Halbuki, həmin matçda qələbə sizə hava-su kimi lazım idi...
- Penalti verilən epizoda baxmısınız? Həmin epizoda 30 dəfə baxmışdım, ancaq bir şeyi görməmişdim. Ancaq 31-ci dəfə baxdıqda gördüm o anı. Rauf Əliyev bizim futbolçunun şortunu əynindən çıxana kimi dartıb yıxır. Hamı bizim oyunçunun əlinə baxır, amma Raufun hərəkətləri kölgədə qaldı. “Simurq”la oyunda “3-lüy”ə düşmək şansımız vardı. Həmin matçda da, “Bakı” ilə görüşdə də məşqçi dəyişikliyinə baxmayaraq, komanda baxımlı oyun göstərdi. Axırıncı qarşılaşmada Qəbələ Futbol Akademiyanın yetirmələri – Müşviq Teymurovla Rəşid Əmiraslanov meydanda oldu. Məncə, pis oynamadılar.

- Penalti epizodundan narazı qalmısınız. Bəs oyundan sonra niyə narazılığınızı protokolda qeyd etmədiniz?
- Həmin səhvi məgər sonradan dəyişmək olur ki? Həm də oyundan dərhal sonra həmin epizoda baxmaq imkanımız olmadı ki, bilək hakim səhv, yoxsa düzgün qərar verib. Bir də ki, klub olaraq artıq bir dəfə çıxış etmişik və bildirmişik: hakimliklə bağlı danışmaq fikrimiz yoxdur. İnanırıq ki, hakimlik təmiz olacaq. Bu ümidlə oynayırıq. Görsək ki, bizə qarşı kifayət qədər səhvlər olur, onda narazılığımızı bildirərik.

- Hər halda, protokolda qeydlərinizi etməklə Anar Salmanovun cəzalandırılmasına nail ola bilərdiniz...
- Həmin epizodu kamera gözü ilə baxdığımız kimi kənardan görə bilmərik ki... Dünən saytlarımızı və idman verilişlərimizi izlədim. Hansı məqsədlə, niyə görə həmin verilişlərin mütəxəssisləri özlərinə əmin şəkildə deyirlər ki, penalti var – bax, bunu anlamadım. Bilmirəm, bəlkə də onlar başqa cür həmin epizodu görürlər. İstənilən halda, açıq şəkildə deyirlər ki, orda 100 faiz penalti vardı. Mən onların bu sözünə məəttəl qalıram. Heç olmasa, faizə bölsələr adamı yandırmaz. Yəni demək istəyirəm ki, bu qədər baxılırsa və biz ona tam şəkildə qiymət verə bilmiriksə, o zaman meydançada görüb, sonra narazılığımızı protokolda bildirməyimiz düzgün olmazdı. Bundan sonra da Ramil Diniyevin ötən mövsüm “Neftçi” ilə oyunda verdiyi qərəzli penalti qərarı kimi qərarlar olmazsa, hətta nəticəyə təsir edən səhv belə olsa, biz hakimlikdən narazılığımızı rəsmi şəkildə bildirməyəcəyik. Ramil Diniyevin verdiyi penalti səhv ola bilməzdi, birmənalı qərəz idi. Artıq məni maraqlandırmır ki, hakimin marağı nədir. İstənilən halda, qərəz idi.

- Fevralda saytımıza müsahibənizdə komandanızın ilk “altılığ”a düşəcəyini demişdiniz. İndi də qəti şəkildə deyə bilərsizmi ki, ən azından 4-cü pilləni tutub avrokuboklara gedəcəksiz?
- Bunu deməyə çətinlik çəkirəm. Çünki futbolda hər şey olur. “Styaua” və “Petrolul”la yoxlama oyunlarını Antalyada sizinlə birgə izləmişdik. Həmin oyun göstərilsəydi, razılaşarsız ki, burda mütləq şəkildə nəticə əldə olunacaqdı. Baş məşqçi ilə oyunçular arasında anlaşılmazlıq oldumu, komanda qara zolağa düşdümü, bilmirəm, istənilən halda həmin oyunu görmədik. Hazırda məşqçi dəyişikliyi olub. Bu üzdən qəti şəkildə sizə cavab verə bilmirəm. Ancaq sona kimi ora düşmək üçün mübarizəmizi davam etdirəcəyik.

- Ramiz Məmmədovun əvvəlki kimi idman direktoru postunda qalmaq və ya klubda başqa vəzifədə çalışmaq kimi plan nəzərdə tutulub?
- İndiki halda belə bir şey yoxdur. O, klubdan tamamilə ayrılıb. Ancaq gələcəkdə klubda hansısa vəzifədə işləyəcəyini deyə bilmərəm.

- Ümumi götürdükdə, yeni əcnəbi transferlər özünü doğrultmur. Hətta Antalyada özünü yaxşı tərəfdən göstərən Kristian Pulhak da “Simurq”la oyunda nəticəyə təsir edən kobud səhvə yol verdi...
- Mən Ramiz müəllimlə komandadan ayrılmamışdan öncə bu haqda söhbət etmişdim. Alınan oyunçuların hamısı bütün matçlarda oynadılmaq üçün nəzərdə tutulmamışdı. Məsələn, elə mövqelər vardı ki, həmin yerə ehtiyat oyunçumuz da yox idi. Bilirsiz ki, çempionatda limit var. Bu üzdən də Ramiz müəllim legionerlərin hamısının tam potensialından yararlana bilməmişdi. Amma Pulhakın səhvinə gəlincə, bu hər oyunçuda olur. Məncə, “Qəbələ”də öz sözünü deyəcək. Digərlərinə də şans verilsəydi, özlərini göstərərdilər. Bəziləri çox az şans qazandı. Hər halda, yeni gələn məşqçi onlara baxacaq. Ola bilər ki, bu legionerlər qalsın, ya da mövsüm başa çatdıqdan sonra komandada qalsın. Çünki biz qışda müqavilələri elə bağlamışıq ki, bir növ sınaq xarakterlidir. Maya kimi özlərini göstərə bilməsələr, komandadan göndəriləcəklər.

- “Simurq”la oyundan əvvəl komandanın kapitanı Rəşad Abdullayev saytımıza verdiyi müsahibədə növbəti oyunlarda xallar itərəcəkləri halda, klub tərəfindən cəzalandırılacaqlarını bildirmişdi. Son 2 oyunda da xallar itirdiz. Futbolçular maliyyə sanksiyası ilə üzləşdimi?
- Heç bir cəzadan söhbət getməyib. Biz məsələyə daha peşəkar yanaşırıq. Luis Araqonla da bu haqda söhbətimiz olub. Bir var komanda məsuliyyətsizlik, zəif oyunun nəticəsi olaraq xal itirsin, bir də var ki, baxımlı oyundan sonra hər hansı bir səhvdən sonra xal itirsin. Birinci hal olarsa, yenə cəzadan söhbət açmaq olar. Məşqçidən tutmuş inzibatçıya kimi çalışır ki, “Qəbələ”nin adı yaxşı yerlərdə hallansın.

- Komanda bu ilki hədəfi olan avrokuboklara düşməsə, köklü islahatlar olacaq?
- Mən düşünmürəm ki, avrokuboklara düşməyəcəyik. Gələn il də avrokuboklar üçün oynayacağıq. Gələn il daha da ambisiyalı olacağıq. Bu isə yeni gələn məşqçidən asılı olacaq. Çünki o, futbolçular haqda qərarları verəcək. Ona hansı oyunçuların müqaviləsinin müddətinin bitdiyini təqdim edəcəyik. İslahatlar yeni gələn məşqçinin qərarından asılı olacaq.

Səbuhi TOFİQOĞLU