AFFA ulduzları gözləyir
16.04.2013 - 16:53
AFFA ulduzları gözləyir
Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçiriləcək yoldaşlıq görüşünün iştirakçılarının tam siyahısı aprelin 19-da bəlli olacaq. Apasport.az saytının məlumatına görə, saat 19:00-da “Bayıl Arena”da üzləşəcək komandalarının heyətində yer alacaq oyunçuların siyahısı həmin gün təsdiq olunaraq açıqlanacaq.

Oyunun əsas təşkilatçısı olan AFFA əcnəbi komandada heyətin böyük hissəsini müəyyənləşdirsə də, 4 nəfərlə bağlı məsələ açıq qalır. Bunlar əsasən Türkiyənin ulduzları – 2002-ci ildə yığmanın heyətində dünya çempionatının bürünc medalını qazanan qapıçı Rüştü Rəcbər, müdafiəçi Bülənt Korkmaz və hücumçu Hakan Şükürdür. Bizimkilər dəvət göndərdikləri, qrafikləri sıx olan məşhurlardan cavab gözləyir. Bunlar millət vəkili olan Şükürlə “İstanbul Böyükşəhir Bələdiyyəspor”un baş məşqçisi Korkmaza aiddir. Rüştü isə ötən il futbol karyerasını bitirdikdən sonra işsizdir.

1986-cı ildə Kuboklar Kubokunun qalibi, “Qızıl top”un sahibi olan məşhur ukraynalı hücumçu İqor Belanov da bizimkilərə cavab deməlidir. Ancaq onun problemi vaxt azlığı yox, zədəli olmağı ilə bağlıdır. Belanov gəlmək istəsə də, ayağı gipsdən açılıb xəstəxanadan çıxmalıdır. Adını çəkdiklərimiz gələ bilməsə, onlar başqaları ilə əvəzlənəcək və təşkilatı işlər həftəsonuna kimi yekunlaşacaq.

Qeyd edək ki, rəmzi olaraq Avropa yığması adlandırılan rəqibin heyətində Braziliya yığmasının sabiq futbolçusu Edmar Bernardes dos Santos da var.