“Azərbaycanla birgə çempionat keçirmək ideyası elə ideya olaraq qalacaq”
17.04.2013 - 16:40
“Azərbaycanla birgə çempionat keçirmək ideyası elə ideya olaraq qalacaq”
“Gürcüstanla Azərbaycanın birgə çempionat keçirmək ideyasını həyata keçirmək üçün vaxt lazımdır. Bunu gerçəkləşdirəndə, böyük çətinliklər olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Gürcüstan futbolunun canlı əfsanələrindən olan Aleksandr Çivadze deyib.

Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinavanın Azərbaycan və Qazaxıstanla birgə çempionat keçirməklə bağlı irəli sürdüyü ideya müzakirə olunmaqda davam edir.

Gürcüstan millisini çalışdırmış, hazırda bu ölkənin gənclər yığmasının baş məşqçisi olan Çivadzenin də bununla bağlı fikirlərini öyrənmək maraqlı idi. Vaxtilə SSRİ yığmasının kapitanı olan sabiq müdafiəçi ideyanın həyata keçməyinə real baxmadığını gizlətmədi: “Məncə, bu, elə ideya olaraq qalacaq. Xarici klublarla oynayanda, bu, futbolun inkişafı üçün yaxşıdır. Ancaq bir layihə olmalıdır ki, nəyi necə etmək lazımdır. Onsuz heç bir nəticə çıxartmaq olmaz. Əcnəbi klublarla oynamaq həmişə futbolçulara özlərinin ustalıq səviyyəsini artırmağa imkan verir. Ancaq hər şeyi real etmək lazımdır. Kağızda layihənin olmağı yaxşıdır. Ancaq bu orda qalmayıb, gerçəkləşməlidir. Buna görə hələ ki ideyaya real baxılmır”.

Mehman SÜLEYMANOV