“Azərbaycan klublarını tanımıram”
17.04.2013 - 23:01
“Azərbaycan klublarını tanımıram”
Gürcüstan millisinin sabiq baş məşqçisi Aleksandr Çivadzenin apasport.az saytına müsahibəsi

- Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş veteranların yoldaşlıq görüşünə dəvət olunmusunuz...
- Bəli. Bakıya yüksək əhval-ruhiyyədə gələcəyəm. Yəqin ki, Moskva “Spartak”ı və Kiyev “Dinamo”sundan futbolçular da bu görüşə dəvət olunub. Bakılı dostlarıma qarşı oynamaq mənim üçün xoş olacaq.

- Onlara qalib gələ biləcəksiniz?
- (gülür) Mənim yaşımda... Biz maraqlı oyun göstərməyə çalışacağıq. Nəyi bacarırıq, onu nümayiş etdirəcəyik. Böyük sürət olmayacaq, daim bir-birimizi əvəzləyəcəyik.

- Belə demək olar ki, yoldaşlıq görüşü olduğunu nəzərə alsaq, matç heç-heçə bitəcək?
- Yox. Niyə ki? Maraqlı olacaq. Deyəsən, Almaniyadan da futbolçular gələcək.

- Bəli. Türkiyədən də futbolçular dəvət edilib...
- Deməli, heç-heçə olmayacaq.

- Bakı “İnter”ini çalışdıran həmyerliniz Kaxaber Sxadadze də oynayacaq...
- Çox yaxşı. Mən buna şadam. Sevinirəm ki, Sxadadzenin Azərbaycanda belə uğurları var. Ölkənizdə işləyən digər gürcü məşqçi - Georgi Çixradzeni də salamlamaq istəyirəm. Onunla Kaxa Gürcüstan yığmasında birgə rəhbərliyim altında oynayıb.

- Bəs Azərbaycan çempionatında oynayan gürcü futbolçular haqda nə düşünürsünüz?
- Hamısını yaxşı tanıyıram. Gürcü futbolçular Azərbaycan çempionatında layiqli oynayırlar.

- Ancaq çempionatınızdan yığmanıza çox az futbolçu çağırılır. Bunun səbəbini nədə görürsünüz?
- Bildiyimə görə, “Bakı”dan Georgi Popxadze mütəmadi çağırılır. Niyə az dəvət olunmağı artıq mənim səlahiyyətimdə olmayan məsələdir. İndi əsas yığmamızı Timur Ketsbaya çalışdırır. Mən isə gənclər yığmamızın baş məşqçisiyəm. Yeri gəlmişkən, təxminən 1 ay öncə biz sizin yığma ilə Avstriyada oynadıq. Onda birgə təlim-məşq toplanışında idik. Matç 1:1 hesabı ilə nəticələndi. Yığmanızın futbolçularını çox bəyəndim.

- Azərbaycanla Gürcüstanın çempionatını, klublarını müqayisə etsək, hansını daha güclü sayırsınız?
- Mən komandalarınızdan yalnız “Neftçi”ni görmüşəm. Bu, ötən yay “Zestafoni” ilə Çempionlar Liqasının təsnifat mərhələsinin oyunu idi. Bakılılar komandamıza qalib gəldi. Ümumi fikir yürütmək üçün iş başında görmək lazımdır. Təəssüf ki, indi televiziyada çempionatı göstərmirlər. Buna görə müqayisə apara bilmirəm. Mən öz komandalarınızı tanıyıram, ancaq sizinkiləri yox.

- Son 5 ildə millimizi çalışdıran almaniyalı Berti Foqtsa necə qiymət verərdiniz?
- Mən futbolçu kimi Foqtsa qarşı oynamamışam. Ancaq məşqçi kimi üzləşmişik. Bu, Almaniya yığması 1996-cı ildə Avropa çempionu olduğu seçmə mərhələdə olub. Onda mən Gürcüstan yığmasının baş məşqçisi idim və biz bir qrupa düşmüşdük. Foqts futbolçu kimi dünya və Avropa çempionu olub. Məşqçi kimi də Avropa çempionluğunu qazanıb. Bütün bunlarla hər şey deyilib. Aydın məsələdir ki, Foqts dahi futbolçu olub. O, 1974-cü il dünya çempionatının finalında Yohan Kroyffa qarşı oynayıb.

- Sizcə, Foqts Azərbaycan yığması ilə də nəticə qazana biləcək?
- Mən bunu dəqiq deyə bilmərəm. Bu, səlahiyyətimdə olan məsələ deyil. Mən sizin yığmanın oyununu görmədiyimdən, fikir yürüdə bilmərəm.

- Millimizin baş məşqçisi olmaqla təklif almısınız?
- Bir dəfə olub. Onda məni Azərbaycan yığmasının baş məşqçisi postuna dəvət etmişdilər. Ancaq bunu qəbul etmədim.

- Niyə?
- Çünki Gürcüstan yığmasının baş məşqçisi işləyirdim və fəaliyyətimi davam etdirmək istədim.

- Millimizin baş məşqçisi postuna AFFA-nın o vaxtkı rəhbərliyinə tövsiyə etdiyiniz braziliyalı Karlos Alberto Torresin vaxtında dəvət almışdız?
- Bəli...

Mehman SÜLEYMANOV