Vobay “Universtatya”ya mümkün keçidindən danışdı
17.04.2013 - 23:02
Vobay “Universtatya”ya mümkün keçidindən danışdı
“Bu, iki pərdəli tamaşanın birinci hissəsi idi. Bizi qarşıda daha bir oyun gözləyir”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay deyib.

Ölkə kubokunun yarımfinal matçına çıxan “Neftçi” “Qarabağ”la qarşılaşıb. "Bakcell Arena"da baş tutan oyunda paytaxt təmsilçisi qələbə qazanıb. Oyunda hesabı Ağdam futbolçuları açsa da, “ağ-qaralar” biri penaltidən olmaqla, iki top vurub və ilk oyunu qələbə ilə qapayıb.

Matçla bağlı danışan afrikalı yarımmüdafiəçi cavab oyununu gözləməyin vacibliyini vurğulayıb: “Hər şeyə ikinci oyunda aydınlıq gətiriləcək. Son üç görüşdə “Qarabağ”ı məğlub edə bilmirdik. Bu dəfə bacardıq. Finala “Neftçi”nin çıxacağına inanıram”.

Rumıniya mətbuatında Vobayın yenidən “Universtatya” klubuna qayıdacağı barədə xəbərlər yayılıb. Lakin yarımmüdafiəçi bu haqda ətraflı danışmaq istəmədiyini vurğulayıb: “Mənim “Neftçi” ilə müqaviləm var. Buna görə də artıq nəsə danışmaq istəmirəm. Hazırda bütün diqqətimi klubumun uğur qazanmasına yönəltmişəm”.

Futbolçuya baş məşqçisi Böyükağa Hacıyevin fikrini də xatırlatdıq. Təcrübəli mütəxəssis bildirmişdi ki, Vobay xarici klublardan təklif aldığına görə, oyunlarda tam gücündən istifadə etmir. Ancaq futbolçu razılaşmadı: “Bütün fikrimi “Neftçi”nin uğur qazanmasına yönəltmişəm. Futbolçu kimi sözümü meydanda deyirəm”.