Yohan Kroyffun bir ayağı “Qəbələ”də! - EKSKLÜZİV
18.04.2013 - 08:26
Yohan Kroyffun bir ayağı “Qəbələ”də! - EKSKLÜZİV
Bu gün “Qəbələ” Futbol Akademiyasının yeni direktorunun təqdimat mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi bu posta gətirilən hollandiyalı mütəxəssis Stenli Brardı ictimaiyyətə təqdim edəcək. O, türkiyəli Əli Yavaşın gedişindən sonra boş qalan vəzifəni tutacaq.

55 yaşlı mütəxəssis son 8 ildə vətənində “Feyenoord” klubunda gənc futbolçuların hazırlıq qrupunun rəhbəri olub. Bunadək “Den Boş” və ADO klublarında yeniyetmələrlə çalışıb. Onun ölkə xaricində də iş təcrübəsi var. 2001-ci ildə Yaponiyaya yollanaraq “Qrampus” klubunda çalışıb.

Brard futbolçu karyerası dövründə kifayət qədər tanınıb. Peşəkar karyerasına “Feyenoord”da başlayan sol cinah müdafiəçisi 1976-86-cı illərdə bu komandada çıxış edib. Sonradan 7 il (1986-93) “Valviyk” klubunun şərəfini qoruyub.

Brard üçün 1983/84 mövsümü unudulmaz olub. Əfsanəvi Yohan Kroyffla birgə “Feyenoord”da oynayan Brard həmin il Hollandiya çempionu və kubokun qalibi oldu. O vaxt Brardı Kroyffun “sol ayağı” adlandırırdılar.