“Qəbələ”nin dəvət etdiyi holland kimdir? - FOTO
18.04.2013 - 10:59
“Qəbələ”nin dəvət etdiyi holland kimdir? - FOTO
Bu gün təqdimat mərasimi keçiriləcək “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard Hollandiyadakı işi ilə tam vidalaşmayıb. Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis məşhur “Feyenoord” klubunun futbol akademiyasındakı fəaliyyətini mövsümün sonunadək davam etdirəcək.

Hollandiya mətbuatının iddialarına əsasən, Brard hələ 1-1,5 ay müddətində Rotterdam təmsilçisinin akademiyasının direktoru kimi qalmalıdır. Buna səbəb isə “Feyenoord” rəhbərliyinin ona əvəzləyə biləcək şəxs axtarmasıdır. Mövsümün sonunadək yeni direktor tapıldıqdan sonra Brard sabiq klubu ilə birdəfəlik vidalaşacaq.

Qeyd edək ki, bu həftə “Feyenoord” akademiyası Hollandiyanın ən yaxşı futbol tədris ocağı seçilməyə namizədlər sırasına düşüb. Rotterdamlıların 4-cü dəfə bu adı qazanmağa yaxın olmasında isə Brardın əməyi böyükdür. Təkcə onun direktorluğunun son 6 ilində akademiyanın 26 üzvü “Feyenoord”un əsas komandasına qədər yüksəlib.

Ötən ilin mayında Qəbələnin qonağı olan Brard rəhbəri olduğu akademiyanın U-14 komandasının U-15-lər arasında təşkil edilən “Qəbələ kuboku”nda iştirakına şahidlik etmişdi. Həmin vaxt hollandiyalılar özlərindən böyüklərlə mübarizə apardığından 8 komanda arasında 7-ci olmuşdu.