Luis Araqon: “Neftçi”nin vurduğu penalti düzgün deyildi - MÜSAHİBƏ
18.04.2013 - 11:18
Luis Araqon: “Neftçi”nin vurduğu penalti düzgün deyildi - MÜSAHİBƏ
“Qəbələ” klubunun məşqçisi Luis Araqon bu gün brifinq keçirib. Apasport.az saytının xəbərinə görə, ispaniyalı mütəxəssis Qəbələdə təşkil olunan tədbirdə öncə Premyer Liqanın qarşıdakı turunda qarşılaşacaqları “Neftçi” ilə oyuna hazırlıqdan danışıb.

- 2 həftədir komanda ilə bir yerdəyəm. Bəzi şeyləri dəyişməyə çalışırıq. Xüsusilə, topla daha çox oynamaq üzərində işləyirik. Topla çox oynayan futbolçulara üstünlük verirəm. Son 2 qarşılaşmada “Qəbələ”nin öz gücünü, potensialını göstərməsi çox vacib idi.

- “Bakı” ilə görüşdən sonra penaltinin olmadığını bildirmişdiniz. Epizodun videoyazısına baxdıqdan sonra fikrinizi dəyişməmisiniz?
- Fikrimdə yenə qalıram. Həmin epizodda penalti yox idi. Hakimin yanlış qərar verdiyini gördüm. Təsvirlər zamanı da fikrimin doğru olduğun gördüm. Penalti təyin etmək üçün güclü toxunuş olmalıdır. Həmin epizod zamanı isə əksinə, hücumçu müdafiəçimizə qarşı kobud oynadı. Əlbəttə, hakimin qərarı nəticəyə də pis təsir etdi. Qələbəni əldən verdik.

- İşlədiyiniz müddətdə komandada nəyi dəyişə bildiniz?
- Son dəqiqələrdə qələbəni əldən verməyimiz bizi çox üzdü. “Simurq” və “Bakı”ya qarşı son dəqiqəyə qədər mübarizə apardıq. Ancaq əvvəlki 3 oyunun hamısında məğlub olmuşduq. Komanda hər iki qarşılaşmada göstərdi ki, sona qədər mübarizə aparmaq gücündədir. Hər iki matçda son anlarda qələbəni əldən verdik. Mövsümün sonuna qədər dəyişiklik gözlənilmir. Amma zədəli oyunçularımızın olduğunu qeyd etməliyəm. Onlar tam formada deyillər. Əvəzində əvəzedici komandadan oynamağa layiq futbolçularımızın olduğunu qeyd etməliyəm. Çalışacağıq ki, həmin futbolçular əsas heyətin üzvünə çevrilsinlər. Qarşıdakı oyunlarda gənc futbolçulara daha çox şans verəcəyik. Bu həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün müsbət amildir.

- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Bu matçı “Qəbələ”nin avrokuboklara vəsiqə qazanması baxımından son şans hesab etmək olarmı?
- Son iki oyunda necə oynamışıq, “Neftçi”yə qarşı da elə mübarizə aparacağıq. Qələbə qazanmaq istəyirik. Kubok çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçını izlədim. “Qarabağ”ın qapısına təyin edilən penalti epizodu zamanı da hakim səhv qərar qəbul etdi. Həmin epizodda penalti yox idi. Bəzən belə qərarlar ədalətsizlik yaradır.

- Transferlərlə bağlı klub rəhbərliyi ilə söhbətiniz olubmu?
- Xeyr, hazırkı heyətlə yolumuza davam edəcəyik. Əvəzedici komandanın bir neçə futbolçusuna əsas heyətdə şans verəcəyik.

- Siz hazırkı postunuzda müvəqqətisiniz. Bunu nəzərə alsaq, gələcəklə bağlı açıqlamalar verməyinizi nə dərəcədə düzgün hesab etmək olar?
- Bura “Qəbələ” klubu üçün işləməyə gəlmişəm. Əvəzedici və U-19 komandalarından məsulam. Əsas komandanı isə mövsümün sonuna qədər çalışdıracam. Daha sonra klub rəhbərliyi hansı vəzifədə çalışmağımı məsləhət bilsə, elə davam edəcəm.

- Bayaq topla oynamağa daha çox diqqət yetirdiyinizi qeyd etdiniz. Belə çıxır ki, sizdən əvvəlki məşqçinin dövründə bu problem özünü qabarıq şəkildə göstərirdi?
- Mən istəklərim haqda danışdım. Baş məşqçi kimi, rəhbərlik etdiyim komandanın topla daha çox oynamasını istəyirəm. Özümdən əvvəlki məşqçilər haqda danışmaq istəmirəm.