“Dalaşdığımı mətbuatdan oxudum”
18.04.2013 - 12:11
“Dalaşdığımı mətbuatdan oxudum”
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- Ölkə kubokunun yarımfinal mərhələsində “Bakı”ya 0:1 hesabı ilə uduzduğunuz matçı necə dəyərləndirərdiniz?
- Kubok mübarizəsi 2 görüşdən ibarətdir. Səfərdə oynadığımız üçün qol buraxmaq istəmirdik. Məqsədimiz evdəki qarşılaşmada mərhələ keçməyi həll etmək idi. Sonda penaltidən qol buraxdıq. Buraxmasaydıq, lap əla olardı. Ancaq belə götürəndə, bu, elə də pis nəticə deyil.

- Yəni, rəqibin üstünlüyünü az sayıb, komandanızın finala çıxmağa daha şanslı sayırsınız?
- Əlbəttə, 0:1 hesablı məğlubiyyət hələ heç nə demək deyil. Üstəlik, evdə oynayacağıq, azarkeşlər bizə böyük dəstək olacaqlar. İnşallah, mərhələni biz keçəcəyik.

- Nəzərə alaq ki, kubokda səfərdə vurulan qolun əhəmiyyəti böyükdür. Amma buna nail ola bilmədiniz. Real qol imkanlarının az olmağını nə ilə əlaqələndirərdiniz?
- Əsas məqsədimiz qapının toxunulmaz saxlamaq idi. Rəqibi əks-hücumda tuta bilərdik. Oyun başlayan kimi bir qol imkanımız oldu. Ancaq həmin təkbətək epizodunda qol vura bilmədik. Nə etmək olar, alınmadı.

- “Bakı” xeyli qol imkanlarını boşa verdi. Qapıçınız Orxan Sadıqlının inamlı oyunu olmasaydı, böyük hesabla da uduza bilərdiniz...
- İlk hissədə “Bakı”nın demək olar qol imkanı olmadı. Ancaq fasilədən sonra 3-4 səhv buraxdıq. Düzdür, Orxan bizi xilas elədi. Sadıqlı qapıda bu məqsədlə durur. Qapıçı komandanın 50 faizidir.

- Hakimliyi necə dəyərləndirərdiniz?
- Nə deyim? Bəlkə də rəqibə simpatiyası vardı.

- Oyundan sonra iştirak etdiyiniz qalmaqal necə yarandı?
- (gülür) Mən də dalaşdığımı mətbuatdan oxudum. Guya oyundan sonra Kamran Ağayevlə Elnur Allahverdiyev arasında nəsə olub, mən də orda iştirak etmişəm. Final fitindən dərhal sonra paltardəyişmə otağına getdim, heç Kamranın üzünü görmədim. Hansısa qalmaqal olmayıb.

- Siz “Xəzər Lənkəran”a 2006-cı ildə Kamranla birgə gəlmisiz, uzun müddət çiyin-çiyinə oynamısınız. İndi “Bakı”nın formasını geyinən Ağayevə qarşı oynamaq sizdə hansı təəssürat oyatdı?
- Kamran Azərbaycanda 1 nömrəli qapıçıdır. Onu deyim ki, çoxları ona qol vurmaq istəyir. Ancaq bizdə alınmadı. İnşallah, Lənkəranda vuracağıq. Ona futbolçu, insan kimi böyük hörmətim var. Mənim böyük qardaşımdır. Ancaq futbolda rəqibik.

- Lənkəranlı azarkeşlər qarşısında oynamaq Ağayevə psixoloji cəhətdən çətin olmayacaq?
- O, peşəkar futbolçudur.

- Komandanız bu il keçirdiyi hər oyunda qol buraxır. Müdafiəyəmeylli futbolçu kimi, bunun səbəbini nədə görürsünüz?
- Bunu baş məşqçidən soruşsanız yaxşı olar. O, hansı səhvləri buraxdığımızı yaxşı bilər.

- Yeri gəlmişkən, artıq 1 aydır baş məşqçiniz olan uelsli Con Toşakın gəlişindən sonra komandada nə dəyişib?
- Hər şey dəyişilib. O, ən çox nizam-intizama üstünlük verir. Həm oyun, həm də ondan kənarla bağlıdır. Toşak daha çox buna nəzarət edir.

- Avropaya çıxmağınız yeganə yolu kubokdur. Həm də mövsümü boşa verməmək üçün kuboku qazanmalısınız. Bu şansınızı necə görürsünüz?
- Fikrimcə, “Bakı”ya məğlubiyyətin əvəzini çıxıb finala çıxacağıq. Əsas bizim üçün cavab matçıdır. “Bakı”nı keçək, sonra final haqda fikirləşərik.

Mehman SÜLEYMANOV