Ağasəlim Mircavadov: Mən Böyükağanın səviyyəsinə heç vaxt enmərəm
18.04.2013 - 12:54
Ağasəlim Mircavadov: Mən Böyükağanın səviyyəsinə heç vaxt enmərəm
“Böyükağa Hacıyevin haqqımda səsləndirdiyi fikirlə tanışam. Allah ona can sağlığı versin. Mən sovet məktəbini qurtarmışam. Ona görə də həmkarıma hörmət məsələsi öndə gedir". Apasport.az saytının xəbərinə görə, bu sözləri veteran məşqçi Ağasəlim Mircavadov deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında AFFA tərəfindən 10 oyunluq cəza almasına münasibət bildirən Böyükağa Hacıyev maraqlı açıqlama vermişdi. O, “Bu, Azərbaycan futbolu tarixində görünməyən cəzadır. Ağasəlim Mircavadov kimi heç kimə kəllə atmamışam” deməklə, hərəkətlərinə haqq qazandırmışdı.

Mircavadov isə həmkarının sözlərini gülüşlə qarşılayıb: “Mən Böyükağa Hacıyevin səviyyəsinə heç vaxt düşmərəm. Onun səviyyəsinə düşmək elə səviyyəsizlik olardı. O ki qaldı kəllə atmağa, mən qoçuyam belə etməliyəm (gülür). Əslində, belə şey olmayıb. Bunlar boş sözlərdi. Kimin kim olduğunu xalq yaxşı bilir. Ona yalnız can sağlığı arzu edirəm”.