Vilyar yox, Tomas gəlir - EKSKLÜZİV
18.04.2013 - 23:01
Vilyar yox, Tomas gəlir  - EKSKLÜZİV
“İspaniya Futbol Federasiyasının prezidenti Anhel Vilyar “Bakı” - “Atletiko” görüşünü izləmək üçün ölkəmizə gəlməyəcək”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Aprelin sonlarında paytaxtımızda ardıcıl 2 gün böyük futbol bayramı olacaq. Belə ki, aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” ilə Madrid “Atletiko”su, ertəsi gün “Bayıl Arena”da Azərbaycan və Avropanın veteran futbolçuları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

Baş katib artıq Rusiya, Ukrayna, Gürcüstan nümayəndələrinin Bakıya gələcəyini təsdiqlədiyini bildirib: “Bundan əlavə, Almaniyadan, Xorvatiyadan və çox güman qardaş Türkiyədən bir neçə keçmiş futbolçunun gələcəyi gözlənilir. Biz Hakan Şükür, Bülənt Korkmaz, Rüştü Rəncbər kimi ulduzların gəlməyinə çalışırıq. Artıq dəvətnamələri göndərmişik və cavablarını gözləyirik”.

Məmmədov daha bir tanınmış futbolçunun da razılığını aldıqlarını söyləyib: “Almaniyadan Berti Fotqs, Uli Ştayn, Bernd Şuster, Fransadan Jan-Pyer Papen, Xorvatiyadan Dario Şimiç və Stepan Tomas olacaq. Azərbaycanda “Fənərbaxça” azarkeşləri çoxdur və onlar Toması çox yaxşı tanıyırlar. O, böyük məmnuniyyətlə həmin oyuna gələcəyini deyib”.
Qeyd edək ki, Xorvatiya yığmasının sabiq müdafiəçisi olan Tomas Türkiyədə “Fənərbaxça” ilə yanaşı, bu komandanın barışmaz rəqibi “Qalatasaray”da oynayıb.

Mehman SÜLEYMANOV