“Feyenoord” rəsmisi: Brardın “Qəbələ”yə getməsinə hörmətlə yanaşmalıyıq
19.04.2013 - 09:10
“Feyenoord” rəsmisi: Brardın “Qəbələ”yə getməsinə hörmətlə yanaşmalıyıq
“Stenli Brard “Feyenoord”da fantastik iş görüb. “Qəbələ”yə getmək isə onun öz seçimi, öz qərarıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Feyenoord” klubunun texniki-direktoru Martin van Gel deyib.

O, klubun futbol akademiyasının direktoru vəzifəsindən ayrılıb Azərbaycana yollanan Stenli Brardın “Qəbələ”dən aldığı təklifi müsbət dəyərləndirməsinə münasibət bildirib. Klub rəsmisi ölkəmizdə futbol akademiyasının direktoru kimi fəaliyyətə başlayan həmyerlisinə əvəzləyici axtardıqlarını bildirib: “Onun klubumuzdan ayrılmaq istəyinə hörmətlə yanaşmalıyıq. Uzun illər “Feyenoord”da çalışdıqdan sonra bu çağırışı qəbul etməsinə əngəl ola bilmərik. İndi bizim əsas vəzifəmiz onun işini davam etdirə biləcək direktor tapmaqdır. Akademiyaya elə rəhbər təyin etməliyik ki, Brardın qurduqlarını dağıtmasın, davam etdirsin”.

Qeyd edək ki, Brard ölkəmizə gəlməzdən əvvəl 8 il “Feyenoord” akademiyasının rəhbəri olub.