Mövsümdə ilk dəfə: Azərbaycanda hələ belə derbi olmayıb!
19.04.2013 - 12:28
Mövsümdə ilk dəfə: Azərbaycanda hələ belə derbi olmayıb!
Azərbaycan kubokunun “Qarabağ” – “Neftçi” oyununun vaxtının dəyişdirilməsi ilə mövsümdə ilk qeydə alınacaq. Apasport.az saytının məlumatına görə, saat 21:00-da başlayacaq yarımfinalın cavab matçı 2012/13 mövsümünün ən gec başlayan qarşılaşma olacaq.

Belə ki, mövsümün arxada qalan hissəsində Premyer Liqa və kubokda heç bir oyun belə gec saatda start götürməmişdi. Bu mənada rekord “AZAL Arena”da yaşanmışdı. Ötən il avqustun 19-da “İnter” və “Xəzər Lənkəran” arasında qarşılaşma 20:30-da başlamışdı.

Ölkə daxili yarışlarda sonuncu dəfə 21:00-da başlayan matç isə ötən mövsüm olub. 2011/12 mövsümünün III turunda keçirilən “Neftçi” – “Sumqayıt Şəhər” qarşılaşması belə gec başlamışdı. Həmin oyun 2011-ci il avqustun 21-də baş tutmuşdu.

Qeyd edək ki, bu dəfəki matçın özəlliyi də var. İlk oyun 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatdığından “Qarabağ”ın eyni hesablı qələbəsi inandırıcı görünür. Bu isə əlavə vaxtın, hətta penaltilər seriyasının mümkünlüyündən xəbər verir. Oyundakı fasilələrin və həmin seriyanın uzanması halında nə qədər inandırıcı olmasa da, qarşılaşmanın növbəti gün başa çatması da istisna deyil.