“Toşaka cavab qaytaranda, xoşuna gəlmir” – MÜSAHİBƏ
19.04.2013 - 16:30
“Toşaka cavab qaytaranda, xoşuna gəlmir” – MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubundan kənarlaşdırılan xorvatiyalı futbolçu Roberto Alvizin apasport.az saytına müsahibəsi

- Komanda sizinlə vidalaşdığını rəsmən açıqlayıb. Buna səbəb kimi Nizam-İntizam Məcəlləsini pozduğunuz göstərilib...
- Bu gün klubun ofisinə gedib, müqavilə məsələsində hər şeyi həll etdim. Artıq sərbəst futbolçuyam. Rəhbərlikdən məni komandadan çıxarmağın səbəbini soruşdum. Onlar dedilər ki, qərarı baş məşqçi Con Toşak verib. O, kubok oyunundan sonra nizam-intizamla bağlı problemimin olduğunu söyləyib.

- Bununla razısınız?
- Mən heç vaxt intizamsızlıq etməmişəm. Həmişə komandanın qələbəsi üçün ürəyimi meydanda qoymuşam. Ancaq baş məşqçinin “Robert, sən mənə lazım deyilsən” sözlərindən sonra şoka düşdüm. Raportunda intizamsızlıqla bağlı nəsə yazıb və buna əsasən qərar çıxarılıb.

- Toşakın sizə münasibəti necə idi?
- Yaxşı. 10 gün öncə “sən mənim meydanda sağ əlimsən” deyirdi. Müqaviləm 1 aydan sonra bitirdi. Toşak öncə daha 2 il komandada qalmağımı istəyirdi. Ancaq onun 10 gündən sonra fikrini dəyişib, haqqımda belə deməyi mənim üçün gözlənilməz oldu.

- Uelsli mütəxəssislə görüşüb, problemi aydınlaşdırdınızmı?
- Toşakdan xahiş etdim ki, nə baş verdiyini, fikrini niyə belə tez dəyişdiyini mənə anlatsın. Axı 4 gün sonra oyunumuz var. Heç nə demədi, çünki mənimlə bağlı səhv tapmadı.

- Sizə əvəzedici komandada oynamaq təklif olundumu?
- Yox. Niyə indi qərar verildiyini bilmədim. Komandada “Bakı” ilə cavab matçı öncəsi cəzalı futbolçu, heyətdə problem var. Üstəlik, məni də kənarlaşdırıblar. Kimsə Toşaka cavab qaytaranda, xoşuna gəlmir. Məsələn, cərimə zərbəsi təyin olunanda, onun istədiyi kimi etməyəndə dərhal səni acılayacaq. Bu, düzgün deyil. Vaxtilə Madrid “Real”ı kimi klubu çalışdırıb, yaxşı məşqçidir. Biz futbolçuları öyrətməlidir. Əgər komanda uduzursa, bu, 1 futbolçunun yox, hamının günahıdır. Biz yığışıb, bunları aradan qaldırmalıyıq.

- Bəlkə Toşaka cavab qaytarmağınız xoşuna gəlməyib?
- Yox. Mən ona heç bir cavab qaytarmamışam. Toşakla söhbətimdə problemi soruşanda, mənə heç nə demədi. Əgər oyunum onun xoşuna gəlməyibsə deyə bilərdi ki, səhv etmisən, günahın budur, gələn dəfə belə eləmə. Ancaq baş məşqçi bunu etməyərək, mənə birdəfəlik qapını göstərdi.

- Azərbaycandan nə vaxt gedəcəksiniz?
- Hələ 4 gün burda olacağam.

- “Bakı” ilə Lənkərandakı cavab oyununu izləməyə gedəcəksiniz?
- Yox. Oyunu televiziyadan versələr, izləyərəm. Sadəcə, Bakıda bir neçə gün də qalmaq istədim. Burda şəxsi işlərim var, yır-yığış etməliyəm. Bundan sonra rahat vətənimə yollanacağam.

- Azərbaycandan hansı təəssüratla ayrılırsınız? Lənkəranlı azarkeşlərə son sözünüz nədir?
- Mən bazanın işçilərinə, azarkeşlərə salamlarımı çatdırıram. Onlar həmişə bizə kömək ediblər. Belə bir komandada oynadığıma görə razı qaldım. Sadəcə, haqqımda belə tez qərar çıxarılmağı məni narazı saldı. Çünki il yarımda daim əsas heyətdə oynamışam və özümə belə münasibəti düzgün saymıram.

- Sizcə, “Xəzər Lənkəran” finala yüksəlsə, kuboku qazanıb Avropaya çıxa biləcək?
- Ola bilər. Sadəcə, komanda yığışıb, öz sözünü deməlidir. Əvvəl “Bakı”ya qalib gəlib, finala çıxmaq lazımdır. Onda kuboku qazanmağa 100 faiz şansı olacaq. Mən “Xəzər Lənkəran”ın uğur qazanmağını istəyirəm.

- Gələcək taleyinizi necə görürsünüz?
- Hələ bilmirəm. Bəlkə Azərbaycanda qaldım (gülür).

- Variant var?
- Gələcəkdə yüz faiz olacaq. Mənim günahım yoxdur. Hələ 2-3 variantım var. Ola bilər ki, karyeramı harada davam etdirəcəyimə mövsümün sonuna kimi aydınlıq gətirdim.

Mehman SÜLEYMANOV