“Trans”ın gününə düşən “quş”
20.04.2013 - 23:01
“Trans”ın gününə düşən “quş”
“İnter” Azərbaycan çempionatları tarixində 8-ci dəfə 1 oyunda 5 və daha artıq qol vurmağı bacardı. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVII turunun “Simurq”la ev oyununda 5 cavabsız qol vuran “bankirlər” bunadək 2 dəfə “Xəzər Universiteti”, 5 dəfə isə 2004-cü ildən daşıdıqları “İnter” adı altında 90 dəqiqəyə ən azı 5 dəfə rəqib qapısına yol tapmışdı.

5 qol vurulan 2 oyunda rəqib fərqi azaltdığından, 6-cı dəfə 5 top fərqi ilə qələbə qazanan bakılılar sonuncu dəfə 3 il yarım, daha dəqiqi 1280 gün əvvəl belə coşmuşdular. Həmin vaxt Salyanın “Muğan” komandası səfərdə 6:1 hesabı ilə darmadağın edilmişdi. O vaxtdan “İnter” nə 5 top fərqinə, nə də 5 qol vurmağa nail olmuşdu.

“İnter”in öz meydanında 5 qol vurması isə sonuncu dəfə 7 il 1 ay, yəni 2579 gün əvvəl təsadüf olunub. Həmin vaxt “bankirlər” “Gəncə”yə “divan tutmuşdular” – 5:0. Samir Əliyevin pokeri ilə əlamətdar olan həmin qarşılaşmadan sonra qonaqlar “İnter”dən belə ağır zərbə almamışdı.

Ümumilikdə təkcə çempionat deyil, bütün turnirləri nəzərə alsaq “İnter” cəmi 9 ay əvvəl – Avropa Liqasında 5:0 hesabı ilə qalib gəlmişdi. Ötən il iyulun 5-də Kaxaber Sxadadzenin yetirmələri Estoniyada “Trans”a “dərs keçmişdi” – 5:0.

Qeyd edək ki, bu nəticə həm də “Simurq”un tarixində ən böyükhesablı məğlubiyyətdir.

“İnter”in çempionatda 5 qol vurduğu oyunlar
05.07.2003 Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) 8:0
02.08.2003 Xəzər Universiteti (Bakı) - Lokomotiv (İmişli) 5:0
29.03.2006 İnter (Bakı) - Gəncə 5:0
29.09.2006 Turan (Tovuz) - İnter (Bakı) 1:7
23.05.2007 Şahdağ (Qusar) - İnter (Bakı) 1:5
17.05.2009 Bakılı - İnter (Bakı) 1:5
18.10.2009 Muğan (Salyan) - İnter (Bakı) 1:6
20.04.2013 İnter (Bakı) – Simurq (Zaqatala) 5:0