“Növbəti dəfə Çin dilində danışacağam” - MÜSAHİBƏ
22.04.2013 - 00:06
“Növbəti dəfə Çin dilində danışacağam” - MÜSAHİBƏ
“İnter”in makedoniyalı müdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqasının XXVII turunda “Simurq”la (5:0) keçirilən matç barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu ona göstərilən sarı vərəqə ilə bağlı narazılığını bildirib.

- Belə mürəkkəb matçda rəqibin qapısından 5 cavabsız qol keçirmək “İnter”ə müyəssər oldu.
- Biz bu matça çox yaxşı hazırlaşmışdıq. Görüşdən öncə müxtəlif səpgidə söz-söhbətlər var idi və biz yalnız bunu istəyirdik- meydançaya çıxmaq və öz oyunumuzu göstərmək. Düşünürəm ki, bizə üstünlüyümüzü nümayiş etdirmək mümkün oldu. Komandamızı layiqli qələbə münasibətilə təbrik edirəm. Mənim yeganə narazılığım hakimin adi epizodda mənə sarı vərəqə göstərməsiylə bağlıdır. Soruşmaq istərdim, nəyə görə mənə sarı vərəqə göstərildi? Biz rəqibin müdafiəçisiylə serb dilində danışırdıq və bu zaman qarşımda xəbərdarlıq gördüm. Yəqin oyunun baş hakimi poliqlotdur və serb dilini bilir, buna görə də növbəti dəfə Çin dilində danışacağam. Amma çox güman ki, o, Çin dilini də bilir.

- Mövsümdə ikinci dəfədir sarı vərəqə limitini keçirsiniz və bu, ikinci dəfə keçmiş komandanıza -“Neftçi”yə qarşı keçiriləcək matç öncəsində baş verir.
- Mən Çində olmuşam və cüzi də olsa bu dili bilirəm. Əgər hakim bu dili də bilirsə, o zaman növbəti dəfə biz Çin dilində də danışarıq. Mən başa düşmürəm ki, o, bizim serb dilində danışdığımızdan nə anladı və nəyə görə mənə sarı vərəqə göstərdi.

- Sarı vərəqə aldığın anda hakimdən soruşmadınız ki, nəyə görə vərəqə göstərildi?
- Düşünürəm ki, onun özü də bilmir. Mənim sualıma cavabında dedi ki, indi mənə qırmızı vərəqə göstərəcək. Anlamıram, nə vaxtdan futbolçulara meydançada bir-birilə danışmaq olmaz? Bir də harada yazılıb ki, ünsiyyətə görə sarı vərəqə göstərilir? Bizim serb dilində danışdığımızdan o, ümumiyyətlə, nə anladı?

- Buna baxmayaraq komandamız növbəti qələbəsini qazandı və yüksək yerlər uğrunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, “İnter” mövsümün yekunlarına görə məqsədlərinə çata biləcək?
- Əlbəttə. Mübarizə hələ irəlidədir. Məsələn, növbəti tur səfərdə “Neftçi” ilə oynamalıyıq. Mənim həmin matçda olmağım vacib deyil, uşaqlar mütləq mübarizə aparacaqlar. Biz mübarizəyə köklənmişik.