Hələ belə şey olmamışdı
22.04.2013 - 11:21
Hələ belə şey olmamışdı
“İnter” Azərbaycan çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “bankirlər” “altılıq” sistemi ilə keçirilən çempionatların yüksək yerlər uğrunda mübarizə aparan qrupunda ən böyük hesablı qələbənin müəllifi olublar.

Topaz Premyer Liqasının XXVII turunda “Simurq”u 5:0 hesabı ilə darmadağın edən paytaxt təmsilçisi bununla rekordun sahibi olub.

İlk “altılığ”ın keçirildiyi 1995/96, 1998/99, 2001/02, 2009/10, 2010/11 və 2011/12 mövsümlərində, həmçinin cari çempionatın final mərhələsinin arxada qalan 5 turunda 5 top fərqi ilə qalib gələn olmamışdı. Bunadək rekord “Qəbələ”yə məxsus idi. Onlar ötən mövsüm “Bakı”nı darmadağın etmişdilər – 4:0.

Qeyd edək ki, “altılıq” sistemi ilə keçirilən çempionatların final mərhələlərində daha böyük hesablı nəticələr də olub. Lakin bu nəticələr 1-6-cı yerlər uğrunda deyil, aşağı qrupda gerçəkləşib.

“Altılıq” sistemli çempionatların final mərhələlərinin mütləq rekordu 1995/96 mövsümündə 7-11-ci yerlər uğrunda mübarizədə qeydə alınıb. Həmin vaxt “Şəmkir” “Viləş”ə “divan tutub” – 9:2.