“Altılığ”ın bombardiri kimdir?
22.04.2013 - 12:34
“Altılığ”ın bombardiri kimdir?
“Rəvan”ın futbolçusu Juan Manuel Varea Topaz Premyer Liqasında final mərhələsinin başa çatan ilk dövrəsinin bombardiridir. Apasport.az saytının məlumatına görə, ölkəmizdə debüt mövsümünü keçirən argentinalı hücumçu “altılıq”da 6 qol vurub. Bu qolardan ikisinə penaltidən nail olan cənubi amerikalı legioner dubl və het-trik də edərək, hamını qabaqlayıb.

Çempionatın ən sərrast oyunçuları sırasında 3-cü olan Vareanın hesabında 13 qol var ki, bunun az qala yarısına “altılıq”da imza atıb. Düzdür, həm onun, həm də final mərhələsində 5 qolla 2-ci olan AZAL-ın braziliyalı hücumçusu Junior Nildonun ikinci “altılıq”da oynadığını, zəif rəqiblərin qapısına yol tapdığını da nəzərə almaq lazımdır.

İlk “altılıq”da isə ən çox qol vuran “İnter”in ukraynalı hücumçusu Yuri Fomenkodur. O, 4 qolu olan “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda kimi 1 dəfə dubl edib.

“Sumqayıt”ın milliləşdirilən futbolçusu Pərdis Fərcad Azad da 4 qola imza atıb. Ancaq fərq ondadır ki, hücumçu bunları 1 oyunda – “Turan”a 4:0 hesabı ilə qalib gəldikləri matçda vuraraq, “altılıq”da hələ ki yeganə pokerin müəllifidir. Pərdis milliyətcə fars olsa da, artıq yığmamızın oyunçusu olduğundan, final mərhələsində bombardirimiz sayılır.

Qeyd edək ki, 22 qolla cari çempionatımızın ən sərrast oyunçusu olan “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales final mərhələsində 2 dəfə fərqlənib.