“Bavariya” ilə “Borussiya” avrokuboklarda neçə dəfə üzləşib?
02.05.2013 - 18:19
“Bavariya” ilə “Borussiya” avrokuboklarda neçə dəfə üzləşib?
Çempionlar Liqasında (ÇL) Almaniya finalını təşkil edən “Bavariya” ilə “Borussiya” 2-ci dəfə qitə miqyaslı turnirdə üzləşəcək. Apasport.az saytının məlumatına görə, Münhen və Dortmund təmsilçiləri bundan öncə də Avropanın ən nüfuzlu klub yarışında - 1997/98 mövsümündə rəqib olub.

Ancaq fərq ondadır ki, Almaniya nəhəngləri onda 1/4 final mərhələdə münasibətlərini ayırd edib. Hər 2 oyunda 90 dəqiqəlik mübarizə qolsuz bərabərliklə nəticələnib. Dortmunddakı cavab oyununda qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Bu zaman, daha dəqiq desək, 109-cu dəqiqədə “Borussiya”nın isveçrəli məşhur hücumçusu Stefan Şapyuiza sol ayağı ilə dəqiq zərbə ilə qalibi müəyyənləşdirib – 1:0.

Bu, dortmundluların turnirin qalibi olduğu 1997-ci ildən sonrakı mövsümdə olub. “Bavariya” isə ÇL-i 2001-ci ildə qazanıb, ötən mövsüm finalda “Çelsi”yə uduzub.

Qeyd edək ki, Almaniyanın son illərdə çempionları olan “Bavariya” ilə “Borussiya” finaladək bu həftəsonu Bundesliqada üzləşəcək.
0