Brus Abdulaye: “İnter”də namaz qılmaq çox çətindir
06.05.2013 - 23:06
Brus Abdulaye: “İnter”də namaz qılmaq çox çətindir
“Mən də müsəlmanam. Ancaq “İnter”də namaz qılmaq çox çətindir. Çünki namaz vaxtı məşqlərimiz olur. Yalnız məşqdən sonra qəza namazı qılıram. Bununla belə, müsəlmanlıq borcumu burda mümkün qədər yerinə yetirməyə çalışıram. Mən dəqiq vaxtında namaz qılmağı xoşlayıram”. Bunu apasport.az saytına Bakının “İnter” klubunun konqolu müdafiəçisi Brus Abdulaye deyib.

31 yaşlı müdafiəçi ötən yay “İnter”in düşərgəsinə cəlb olunub. O vaxtdan Kaxaber Sxadadzenin “5-li müdafiə” taktikasında mərkəz müdafiəçisi kimi əsas pay sahiblərindən olan Abdulaye inamlı çıxışı ilə ona verilən pulların boşa xərclənmədiyini göstərir.

Artıq Fransada doğulan və bu ölkə ilə yanaşı Konqo Respublikasının da vətəndaşı olan Abdulaye azərbaycan və rus dilində sözlər də bilir: “Çox sağol”, “salam-əleyküm”, “necəsən”, “yaxşıyam” sözlərini bilirəm. Hər gün “İnter”in bazasına məşq üçün gəlirik. Hamı ilə söhbət etmək, ünsiyyət qurmalı oluruq. Fikrimcə, hansı ölkəyə gedirsənsə, çalışmalısan ki, həmin xalqın dilində az da olsa öyrənəsən. Maaşını alıb oynamaqla kifayətlənmək, heç nə öyrənməmək yaxşı hal deyil. Gərək futbolçu yerli mühitə uyğunlaşsın. Kaxaber Sxadadze məşqlər zamanı rus, ingilis və alman dillərindən yararlanır. Hətta rus dilində də məşq ifadələrini bilirəm. “Levo”, “pravo”, “zadniy”, “idi suda” sözlərini məşqlər zamanı çox tez-tez eşidirik”.

Qeyd edək ki, “Bakı” ilə ötən tur baş tutmuş görüşdə Rauf Cabbarov tərəfindən “sarı” ilə cəzalandırılan Abdulaye “Qarabağ”la oyunu vərəqə limitinə görə buraxmalı olacaq.

Səbuhi TOFİQOĞLU